Topaz Premyer Liqasının 3-cü dövrəsinin ilk turunda "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" bu oyunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, cənub klubu bu dəqiqələrdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq keçir.
 
Mustafa Dənizlinin komandası bu məşqə heç də tam heyətlə qatılmayıb. Belə ki, ayağında ağrılar olan yarımmüdafiəçi Adrian Pit ümumiyyətlə məşqə aparılmayıb. Oteldə qalan futbolçunun müalicəsi davam edir. Onunla yanaşı yüngül zədəsi olan yeni transfer Slavik Alxasov da komandadan ayrı çalışır.
 
"Xəzər Lənkəran"la bağlı daha bir xəbəri diqqətinizə çatdırmaq istərdik. Belə ki, "ağ-yaşıllar"ın almağa hazırlaşdığı Eliasın sabah Bakıya gəlməsi gözlənilir. Artıq bütün məsələlərdə razılığa gələn tərəflər tezliklə rəsmi müqavilə imzalayacaqlar.
Shares: