"İnter"in müdafiəçisi Ruslan Əmircanov Premyer Liqanın 19-cu turu çərçivəsində keçiriləcək AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“AZAL zəif rəqib deyil. Toplanış zamanı internet saytlarında bu komandanın hazırlığı barədə oxudum və bilirəm ki, onlar bir neçə yoxlama matçı keçiriblər, bir necə yeni futbolçuyla müqavilə imzalayıblar. Bu komandaya Vaqif Sadıqov rəhbərlik edir və mən də onun rəhbərliyi altında çalışmışam. Bilirəm ki, bu çalışdırıcı üçün əsas məsələlərdən biri nizam-intizamdı. İlk dövrədə AZAL bizi məğlub etmişdi. Həmin oyunda onlar yaxşı hücum etməyi bacaran, formalaşmış komanda təəssüratı yaratmışdılar. Ümumiyyətlə, çempionatda zəif rəqib qalmayıb. Zəif rəqib yoxdu, zəif hazırlıq var. Bu oyuna ciddi hazırlaşmaq lazımdı. Fasilə öncəsində AZAL-ın “Neftçi” kimi komandanı məğlub etməsini unutmaq olmaz.
Bütün komandalar istər mövsümün başlanğıcında, istərsə qış fasiləsindən sonrakı ilk matçda özlərini yaxşı tərəfdən göstərmək istəyir. Bəli, AZAL-ı meydanında məğlub etmək bizə müyəssər oldu. Ancaq bu, bizi rahatlaşdırmamalıdı. Ona görə ki, yenidən qələbə qazanmaq üçün bizə 90 dəqiqə mübarizə aparmaq lazımdı”.
Qeyd edək ki, “İnter” – AZAL matçı fevralın 2-də keçiriləcək. Matçın start fiti saat 17:00-da çalınacaq.





