Dünən xəbər yayıldı ki, qış fasiləsinə turnir cədvəlinin 2-ci pilləsində yollana "Qəbələ" "Portu"nun rusiyalı legioneri Marat İzmaylovu mövsümün sonuna qədər icarəyə götürəcək. Çox keçmədi ki, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov da saytımıza verdiyi açıqlamada bu xəbəri təsdiqlədi.
Futbolumuzun "inkişaf" dövründə olduğunu nəzərə alsaq Marat İzmaylov Azərbaycana gələn 2-ci səs-küylü transferdi. Əvvəllər "Xəzər Lənkəran" Oktay Dərəlioğlunu transfer etməklə səs-küyə səbəb olmuşdusa, bu missiyanı indi "Qəbələ" edir.
Düzdü, daha sonra Ahmet Dursun "Xəzər Lənkəran"da, Emil Mpenza "Neftçi"də oyandısa, onları elə də səs-küylü transfer adlandırmaq olmaz. Çünki adı çəkilən futbolçular ölkəmizə qarın buraxdıqları vaxt gəlmişdilər. Marat İzmaylovun isə futbolçu karyerasına nəzər salsaq, həm nisbətən cavandı, həm də ölkəsinin "Lokomotiv", Portuqaliyanın "Sportinq", "Portu" kimi adlı-sanlı klublarında çıxış edib.
İzmaylov vaxtı ilə ölkələrindən legioner həyatı yaşamaq üçün xaricə üz tutub, qürbətdə "xan" olmayanlar sırasındadı. 2002 və 2004-cü illərdə "Lokomotiv"in heyətində Rusiya çempionu adını qazanan İzmaylov 2007-ci ildə Lissabon "Sportinq"ə transfer olur. "Sportinq" forması ilə 2007/2008 mövsümündə 23, 2008/2009-da isə 22 oyunda meydana çıxır. Bu iki mövsüm ərzində İzmaylov 7 qol vurur. 2009-cu ildən 2013-ə qədər olan 4 il müddət isə rusiyalı futbolçu üçün uğursuz alınır. Portuqaliya çempionatında 30 tur olduğunu nəzərə alsaq, baş məşqçi 4 ilə cəmi 36 görüşdə İzmaylovun xidmətinə ehtiyac duyur.
Futbolçunun "Sportinq" macərası uğursuz alındıqdan sonra o, başqa bir iddialı kluba – "Portu"ya keçir. Düzdü, futbolçu "Portu" forması ilə çıxdığı 2-ci oyunda fərqlənir. Ancaq onun "Pakoş Fereyra"nın qapısından keçirdiyi qol "Portu" karyerasında vurduğu yeganə qol olur. 2013/2014 mövsümündə isə baş məşqçi Vitor Perreyra heç 1 oyunda belə onun xidmətinə ehtiyac duymayıb.
İzmaylovun meydana çıxa bilməməsi haqdada maraqlı iddialar var. Belə ki, portuqaliyalı və rusiyalı jurnalistlər iddia edir ki, o, bir axşam mafiya üzvləri ilə dava edib. Bunun üçün də mafiya tərəfindən onun oynamasına qadağa qoyulub. Bundan başqa futbolçunun ailəsində olan problemlər də göz önünə gətirilir. Bunun üçün də futbolçu məşqlərə qatılmamaq üçün tez-tez baş məşqçi Vitor Perreyradan icazə alırmış.
İzmaylov düz 1 ildi meydana çıxmır. O, axırıncı dəfə 2013-cü ilin yanvar ayında meydanda olub. Bunu üçün də futbolçunun oyun praktikasından əziyyət çəkdiyi heç şübhə doğurmur. Daha bunun zədə, yoxsa həmin qadağa üzündən reallaşmadığı bəlli deyil. Lap başqa problemi yoxdusa da, bir ili boşa verən birinin reklam edilərək bir klubumuza gətirilməsi artıqdı. Marat Qəbələyə yalnız pul qazanmaq fikri ilə səfər edir. Vaxtilə Toni Adams məşqçi işləməyə, seçdikləri də guya futbol oynamağa gəldiyi kimi.
"Qəbələ"nin bu transferi heç də təsadüfi deyil. Çünki İzmaylov "Lokomotiv"də çıxış edərkən "Qəbələ"nin hazırkı məşqçisi Yuri Syominin sevimli futbolçularından olub. Oyun praktikasından əziyyət çəkən futbolçunun Topaz Premyer Liqasında necə baş çıxaracağına isə qarşıdakı həftələrdə şahid olacağıq. Təki bu transfer müəlliminin tələbəsinə çprək yeri tapması məqsədilə olmasın, Marat üəqiqətən futbol adına çempionatımızı rəngləndirsin.
EMİN SƏFƏROV





