Bu gün Topaz Premyer Liqasının 19-cu turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, 3-cü dövrənin açılış turunun son oyun günündə 4 qarşılaşma baş tutacaq.
 
Günün ilk qarşılaşmasında "Bakı" və "Rəvan" üz-üzə gələcək. Milinko Pantiçin komandası doğma divarlar arasında Güvənç Kurtarın yetirmələrinə qarşı oynayacaq. Qış fasiləsini İspaniyada dəyərləndirən bakılılar 3 xal qazanacağı təqdirdə ilk "üçlüy"ə bir az da yaxınlaşacaq. "Rəvan" isə ilk oyuna fərqli heyət və yeni baş məşqçi ilə çıxacaq. Hər dəfəsində iddialı açıqlamalar verən Kurtarın nəyə qadir olduğunu elə bu oyunda görə bilərik. Komandalar cari mövsümdə 2 dəfə qarşılaşıb. Oyunu maraqlı edən amillərdən biri Bayıl təmsilçisinin cari mövsümdə "Bakı" qarşısına müxtəlif məşqçilərlə çıxmasıdı. Belə ki, 3-cü turda Vladislav Qədirovun başçılığı ilə qapısında 5 cavabsız top görək "aslanlar", 11-ci turda Şahin Diniyevin başçılığı ilə meydanı qolsuz bərabərliklə tərk etmişdi.
 
Növbəti qarşılaşma İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək. "Neftçi" "Simurq"la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma əvvəlcə "Bakcell Arena"ya təyin olunsa da, daha sonra qarın ot örtüyünü yarasız hala salması məkanın dəyişilməsinə səbəb olub. Bu qarşılaşma "Neftçi" üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "ağ-qaralar" cari mövsümdə Böyükağa Hacıyevlə ilk oyununa çıxacaq. Çempionlar Liqasının təsnifat mərhələsində "Skenderbeu" məğlubiyyətindən sonra istefa verən Hacıyev bu postda Nazim Süleymanovu əvəzləyib. Turnir cədvəlinin orta pillələrində var-gəl edən Zaqatala klubu Georgi Çixradzenin başçılığı ilə cari mövsümdə Bakı klubu üzərində qələbə qazana bilməyib. Komandalar cari mövsümdə 2 dəfə üz-üzə gəlib. Bakıda keçirilən oyunda "Neftçi" minimal hesablı qələbəyə sevinmişdisə, Zaqataladakı matç qolsuz bərabərliklə bitmişdi.
 
"Sumqayıt" Bakıda "Qəbələ"ni qəbul edəcək. Aqil Məmmədovun komandası fasilədən sonrakı ilk oyunda qələbə qazanmağa çalışacaq. Amma bu oyunda favorit Qəbələ təmsilçisi göstərilir. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış Yuri Syominin komandası çempionluğa iddiasını sübut etməyə çalışır. Qış fasiləsində bir sıra transferlərə imza atan bölgə klubunun liderliyə yüksəlmək şansı da var. Belə ki, "Qəbələ" qələbə qazansa, turnir cədvəlinin birinci pilləsinə yüksələcək. Bu komandalar cari mövsümdə 2 dəfə üz-üzə gəlib. 3-cü turda "Sumqayıt" rəqibi üzərində 2:1 hesablı qələbə qazanmışdısa, 11-ci turda Qəbələdə keçirilən oyunda ev sahibləri Aqil Məmmədovun komandasını 2 cavabsız qolla məyus etmişdi. Qeyd edək ki, bu qarşılaşma dünən keçirilməli idi. Lakin kəskin qar yağışı səbəbilə matç təxirə salınmışdı. Bu səbəbdən qarşılaşma "Bayıl Arena"da baş tutacaq.
 
Günün və turun sonuncu qarşılaşmasında isə paytaxt derbisi baş tutacaq. "İnter" doğma meydanda AZAL-ı qəbul edəcək. Bu oyunu maraqlı edəcək amil var. Belə ki, cari mövsümdə keçirilən 2 qarşılaşmada komandalar səfərdə qələbə qazanıb. "Şəfa"da keçirilən matçda AZAL 2:1 hesablı qələbəyə sevinibsə, Şüvəlandakı matçda Kaxaber Sxadadzenin yetirmələri rəqib qapısından 2 cavabsız top keçirib. Bu dəfə necə olacağı maraqla gözlənilir.
 
Topaz Premyer Liqası
19-cu tur
2 fevral (bazar)
 
13:30. Bakı – Rəvan
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança.
 
14:00. Neftçi – Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
 
14:30. Sumqayıt – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Bayıl Arena
 
17:00. İnter – AZAL
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Şəfa stadionu.
Shares: