Qış fasiləsi bitdi, Azərbaycan Premyer Liqası qaldığı yerdən davam edir. 19-cu tur “Qarabağ”ın taxtdan düşməsi fonunda “Xəzər Lənkəran”ın dirçəlməsi, “köhlən atlar”ın büdrəməsindən yararlanan “Neftçi”ylə “Qəbələ”nin turnir cədvəlində hərəyə bir pillə irəliləməsi ilə əlamətdar oldu. Güvənc Kurtarın ilk oyundaca fiasko sayılacaq nəticəylə üz-üzə qalması da turun yaddaqalan məqamlarından oldu.

Bu yazımda sizə turnir cədvəlindəki yerdəyişmələrdən, hakim qərarlarından, komandaların qazandığı nəticələrdən bəhs etməyəcəm. Turun oyunları yekunlaşan kimi diqqətimi daha çox çalışdırıcılardan ikisinin mətbuat konfranslarında verdikləri açıqlamalar çəkdi. Əvvəlcə “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovun “Qəbələ”yə məğlub olduqdan sonra dediklərinə diqqət edək: “Qəbələ” azarkeşləri müxtəlif şüarlarla bizə təsir edirdi. Rəqibə qarşı küçə ifadələri işlədənləri azarkeş hesab etmirəm, “Qəbələ”yə layiq deyillər”.

Əminəm ki, Aqil bəy dünya futbolunun tarixinə məğlub olduqları oyundan sonra öz komandasını bir kənara qoyub, rəqibin azərkeşlərinin hərəkətlərini müzakirəyə çıxaran ilk çalışdırıcı kimi düşəcək. Futbolla dərindən maraqlanmayan adamlar da bilir ki, hazırkı durumlarına görə müqayisə etsək, “Sumqayıt”ın “Qəbələ”yə uduzmasında qeyri-adi heç nə yoxdu. Bir tərəfdə adı kağız üzərində yazılmaq üçün var olan, kimlərinsə şəxsi maraqlarına xidmət edən, təmsil etdiyi şəhərə heç bir dəxli olmayan “Sumqayıt”, digər tərəfdə isə “sükanı” tanınmış rusiyalı çalışdırıcı Yuri Syomina etibar etmiş, “Portu”dan Marat İzmayılovu, “Bakı”dan Kamran Ağayevi transfer etməklə gücünə güc qatan, qarşısına ciddi hədəflər qoyan “Qəbələ” var. Belədə heç kimsənin ağlının ucundan bu məğlubiyyətə görə Aqil Məmmədovu “asıb-kəsmək” keçməz. Belə olan halda nə məcburdu ki, çox hörmətli Aqil bəy qaşınmayan yerdən qan çıxarır, əyalətdən paytaxta qədər olan uzun yolu bu soyuq fevral günündə qət edərək, sevimli komandasına dəstək verməyə gələn azarkeşləri müzakirəyə çıxarır? Məgər azarkeşin könül verdiyi komandaya layiq olub-olmadığına qərar vermək onun üzərinə qoyulmuş vəzifədi? Deyən lazımdı ki, komandanız ev oyununu keçirir, bəs hanı sizin azarkeşlər? 300 min əhalisi olan şəhərdən Bakıya qədər olan 30 kilometrlik yolu 300 nəfər gəlib, “Sumqayıt”ı dəstəkləmirsə, Aqil bəyin başqalarının qarasınca deyinməyə haqqı da yoxdu. Futbolu buraxmağa qərar verən Aleksandr Çertoqanovu zorla oynamağa məcbur edib, qoluna kapitan sarğısı taxıblar, başqalarını ittiham edirlər. Güləsənmi, ağlayasanmı? Azarkeşə cavab vermək baş məşqçinin yox, elə azarkeşin işidi, cənab Məmmədov.

Meydana “Sumqayıt”ın formasından çıxanlar peşəkarlar idi, yoxsa baxça uşaqları? Bizim tanıdığımız peşəkar futbolçular rəqib komandanın azarkeşlərinin nə deməsindən asılı olmayaraq, başını aşağı salıb, öz oyununu sərgiləməyə çalışır. Günə Aqil Məmmədovun sözləriylə yekun vura bilsəydik, dərdimiz yarı olardı. “Simurq”u məğlub edəndən sonra göyün yeddinci qatına qədər qanad açıb, qanadlanan Böyükağa Hacıyev “Xəzər Lənkəran”ın milyonluq transfer etməsinə toxunaraq “futbolçunun əlinə 500 min çatıbsa…” deyib. Nöqtələrin yerində Böyükağa bəyin dediklərini təkrarlamaq istəmədim. Eşidənlər bilir, eşitməyənlərin qoy heç xəbəri olmasın. Əsas sözün canıdı. Böyükağa bəy dolayısıyla “Xəzər Lənkəran”ın transfer siyasətinə “ilişib”, Eliasın transferində kimlərinsə yeyintiyə yol verdiyinə işarə vurub. Kifayət qədər ciddi ittihamdı. Qarşı tərəfin haqqı var ki, qalxsın, cənab Hacıyevdən sözlərinin hesabatını tələb etsin. Kiməsə vəkillik etmək, yol göstərmək fikrində deyiləm. Amma adama deyərlər ki, çalışdırdığın komandada məhz sizin xeyir-duanızla yüzminlər qarşılığında alınan, indiyə qədər meydana çıxdığı oyunlarda cəmisi bir dəfə fərqlənən hücumçu var.

Ucundan tutub, ucuzluğa getməyə həvəsim yoxdu. Üzümü Aqil Məmmədovla Böyükağa Hacıyevə tutub bir məqamı xatırlatmaq istəyirəm: “Çalışdırdığınız komandaların hərəsinin özünəməxsus problemləri var. Həmin problemlərin öhdəsindən gəlmədən başqalarının bostanına daş atmağa çalışmayın!”

Shares: