Topaz Premyer Liqasının 20-ci turunun prinsipial oyunu Lənkəranda baş tutacaq. Fevralın 9-da "Xəzər Lənkəran" doğma azarkeşlər önündə əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Sözsüz ki, bu matç həm cənublular həm də bakılılar üçün öz prinsipiallığını qoruyur. Bununla yanaşı, Lənkəranda azarkeşlər arasında baş verən xoşagəlməz hadisələr də matçın prinsipiallığını artıran amillərdəndi.

Hazırda azarkeşləri, eləcə də idman ictimaiyyətini maraqlandıran sualllardan biri də "Böyük oyun"un televiziya vasitəsi ilə yayımlanıb-yayımlanmayacağı ilə bağlıdı. Əldə etdiyimiz məlumata görə, "Böyük oyun"nun canlı yayımlanması "İdman Azərbaycan" kanalının proqramına daxil edilsə də, "Xəzər Lənkəran" tərəfi matçın ekran üzü görməsini istəmir. Qonaq azarkeşlərin məlum cəza üzündən gedə bilməyəcəyi qarşılaşmanı yenə yalnız tribunaya toplaşan lənkəranlılar seyr edə biləcək.

Məsələni dəqiqləşdirmək üçün "İdman Azərbaycan" telekanalının direktoru Elsəvər Dünyamalıyevə telefon açdıq. O isə bu məsələ ilə bağlı danışmaq belə istəmədi.

Shares: