AZAL-ın yeni transferi Nedo Turkoviçin Futbolinfo.az-a müsahibəsi

– Azərbaycan haqqında nə deyərdiniz?
– Bura gəlməmişdən öncə də Azərbaycan haqqında bilirdim. Amma tam informasiyaya malik deyildim. İndi burdayam və nə olacağını görəcəyik.

– Ölkəmiz xoşunuza gəldi?
– Bəli. Təkcə, paytaxt Bakını görmüşəm və düşünürəm ki, bura əla şəhərdi. 

– Bəs, bura gəlməzdən öncə, futbolumuz haqqında bilirdiz?
– Dərin məlumatım yox idi. Amma burda oynayan bir neçə futbolçu ilə söhbət etmişdim. Onlar Azərbaycan haqqında mənə xoş sözlər dedilər. 

– Kimlərlə söhbət etmişdiniz?
– Nidal Fərhadoviç  və İbrahim Şehiçlə.

– İlk oyununuza çıxdınız. “İnter”lə oyun haqqında fikirləriniz necədi?
– Biz daha yaxşı oynadıq. Rəqibdən üstün olduğumuz məqamlar da oldu, amma nəticə olmadı. Biz hesabı 1:1 edəndə qələbəyə inanırdıq. Amma rəqibimiz cərimə zərbəsindən əla qola imza atdı və qalib gəldilər.

– İlk oyununuzda ilk qolunuzu vurdunuz…
– Bu çox gözəl oldu. Amma buna baxıb arxayınlaşmaq olmaz. Mən daha çox işləməliyəm və daha çox qollar vurmalıyam AZAL üçün. Bunu edəcəyimə tam inamım var. 

– AZAL-ın çempionatdakı mövqeyi sizi qane edir?
– Yox, amma komandamız daha yaxşı yerlərə layiqdi. Ən azından ilk 6 komanda arasında olmalıyıq. Qarşıda görəcəyik ki, nələr olacaq. 

– Rəqibinizi  necə dəyərləndirərdiniz?
– Azərbaycan çempionatında güclü komandalar var. “İnter” çox yaxşı heyətə malikdi. Onlar gözəl futbol oynamağı bacarırlar.

– Premyer Liqanın digər oyunlarınız izlədinizmi?
– Bəli. Mən “Qarabağ” – “Xəzər Lənkəran” və “Neftçi” – “Simurq” oyununu izlədim. 

– Komandalarımız haqda hansı düşüncədəsiniz?
– “Qarabağ” və “Neftçi” yaxşı komandalardı. Onların heyətində çox güclü legionerlər var. Düşünürəm ki, bu iki komandadan biri çempion olacaq.

– Deyəsən, “Xəzər Lənkəran” və “Simurq”u xoşlamamısınız?
– Mən elə bir şey demədim. Sadəcə mənim fikrimcə, “Qarabağ” və “Neftçi” daha yaxşıdı. Amma bu o demək deyil ki, “Xəzər Lənkəran” və “Simurq” zəifdilər. 

– Amma “Qarabağ” “Xəzər Lənkəran”a məğlub oldu…
– Yox, onlar meydanda daha yaxşı futbol göstərirdi.

– Çempionatın ilk yarısında AZAL-ın hücum xəttində problemlər var idi. Bu problemləri aradan qaldıra bilmisiniz?
– Ümid edirəm ki, çempionatın ikinci yarısında hücum xətti daha yaxşı oynayacaq. Mənim komandaya tam uyğunlaşmağım üçün zamana ehtiyacım var. Ondan sonra daha yaxşı oyun nümayiş etdirəcəyimə inanıram. 

– Növbəti oyununuz “Sumqayıt”a qarşıdı. Rəqibiniz çempionatın autsayderidi. Qalib gələcəyinizi deyə bilərik?
– Futbolda heç nə bilmək olmaz. Amma ümid edirəm ki, 3 xal bizim olacaq.

ELSEVƏR

Shares: