"Xəzər Lənkəran"ın yeni transferi, makedoniyalı Deyan Blajevskinin Futbolinfo.az-a müsahibəsi

– Azərbaycan haqqında nə deyə bilərsiz?
– Azərbaycan gözəl ölkədi. Burada futbolu sevən və maraqlanan insanlar var. Yaxşı klublar, stadionlar var. Bir sözlə gördüyüm hər şey yaxşıdı. Eynilə Avropa kimi..

– Bura gəlişiniz kimin vasitəsilə baş tutdu?
– Mənim menecerim var. O mənə dedi ki, belə bir yaxşı klub var və səni istəyir. Öyrəndim ki, bu Azərbaycanın "Xəzər Lənkəran" klubudu. Onların haqqında çox yaxşı şeylər eşitdim. Bura gəldim.

– Bura gəlməzdən öncə Azərbaycan futbolu haqqında nəsə bilirdiniz?
– Əlbəttə, məlumatım var idi. Çünki burada bir neçə makedoniyalı futbolçu oynayır. Elə "Xəzər Lənkəran"ı seçərkən də onlarla söhbət etdim.

– Kimlərdən məlumat aldınız?
– Sasko Pandev, Nikola Qliqorov, Muarrem Muarrem, Edin Nureddinoski, Slavço Georgiyevski. Bu futbolçuların hamısı ilə danışdım. Heç biri də sizin ölkə haqqında nəsə pis bir şey demədi.

– Lənkəran şəhəri haqqında məlumatınız var?
– Bəli, var. Bilirəm ki, bu komandanın orada möhtəşəm azarkeşləri var. Həmçinin klub üçün əla şərait yaradılıb. Həm stadion, həm bazası var. Oyunlarda güclü azarkeş dəstəyi olur.

– Amma bölgə olduğunu da bilirsiniz. Bakıdan uzaq məsafədə yerləşir…
– Bunu bilirəm.

– Sizə orada yaşamaq problem olmayacaq?
– Yox, nə üçün problem olsun ki. Eşitdiyimə görə “Xəzər Lənkəran”ın bütün futbolçuları orada yaşayır. Mənim ailəm də gəlib. Biz elə Lənkəranda yaşayacağıq.

– “Qarabağ”la oyun haqqında fikirləriniz necədi?
– “Qarabağ” güclü komandadı. Amma həmin matçda biz daha yaxşı oynadıq. Həm ikili mübarizələrdə, həm də taktikada rəqibimizi üstələdik.

– Belə bir komanda ilə oyunda qalib gələcəyinizi gözləyirdiniz?
– Əlbəttə ki, gözləyirdik. “Xəzər Lənkəran” güclü və yaxşı futbolçulara malik  komandadı.

– Komandanız turnir cədvəlinin aşağı pillələrində yer alıb…
– Düzdü, bu yaxşı hal deyil. Mən inanıram ki, biz ən azı ilk “üçlük”ə düşəcəyik. Bu mümkündü, sadəcə inanmaq və oynamaq lazımdı.

– Azərbaycan çempionatında ilk dəfə meydana çıxdınız. Düşüncələriniz maraqlıdı…
– Düzdü, ilk oyunumu oynadım və çox xoşbəxtəm. Həm ilk dəfə “Xəzər Lənkəran” formasında meydana çıxdığım üçün, həm də qalib gəldiyimiz üçün.

– İlk dövrədə komandanız hücumda və yarımmüdafiədə xeyli problemlər yaşadı. Siz isə komandaya bu problemləri aradan qaldırmaq üçün gəlmisiniz. Problemlər var yenə də?
– Bunu hələ deyə bilmərəm. Çünki cəmi 10 gündü ki, komandadayam.

– Növbəti oyununuz “Neftçi”yə qarşıdı. Bu oyun haqqında məlumatınız var?
– “Neftçi” güclü rəqibdi. Çox çətin və maraqlı oyun olacaq. Amma biz öz doğma meydanımızda oynayırıq. Ona görə də mütləq qələbə qazanmalıyıq. Doğma stadion və azarkeş amili biz yaxşı təsir edəcək. Bu oyun qalib gələcəyik.

– “Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlar “Böyük oyun” adlanır…
– Bunu bilirəm. Mənə klubdan bu haqda danışdılar. Derbi oyununda qalib gəlmək istəyirik. Bunu bacaracağıq.

– Lənkəranlı azarkeşlərə qalibiyyət sözü verirsiniz?
– Söz vermək çətin məsələdi, çünki bu futboldu. Amma düşünürəm ki, qalib biz olacağıq. Çünki yaxşı komandamız var.

ELSEVƏR

Shares: