Ötən il "Bakı"nın şərəfini qorumuş Ruslan Leviqa sabiq klubunu FİFA-ya şikayət edib. Buna səbəb isə bakılıların ona olan borcunu ödəməkdən boyun qaçırmasıdı.
Leviqanın bu müraciətindən sonra FİFA-nın Mübahisələrin Həlli Palatası "Bakı"nın futbolçuya olan borcu tezliklə ödəməsini tələb edib. Dünya futbol qurumu hətta bu qərarı yerinə yetirməyəcəyi halda "Bakı"nın hesabından xallar silinəcəyi, növbəti 2 “transfer pəncərəsi” zamanı futbolçu alınmasına qadağa qoyacağı ilə də bağlı sərt xəbərdarlıq edib.
Məsələyə münasibət öyrənmək üçün klubun içraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Seyidov FİFA-nın verdiyi qərarı ali hesab edir: "FİFA Mübahisələrin Həlli Palatası Leviqanın məsələsinə baxıb, "Bakı" futbol klubunun həmin cəzanın ödənilməsi ilə bağlı qərar verib. Ancaq "Bakı" bu qərardan apelyasiya şikayəti edəcək. Çünki biz bu qərarın ədalətsiz olduğunu düşünürük. Apelyasiya məhkəməsi də FİFA-nın verdiyi bu qərarı qüvvədə saxlasa, sözsüz ki, biz həmin məbləği Leviqaya ödəcəyik. Bununla bağlı heç bir problem yoxdu. FİFA-nın verdiyi qərar alidi".
Seyidov bizimlə söhbətdə ukraynalı futbolçuya ödəniləcək məbləği də gizlətmədi: "Leviqaya ödəniləcək məbləğ 51 min dollar civarındadı. Ancaq biz düşünürük ki, həmin pul Leviqaya ödənilməməlidi. Təssüflər olsun ki, Leviqa çempionat oyunlarında oynamadığı üçün o pulu almağa layiq deyil".
"Bakı"nın məhz bu səbəbdən transfer etmədiyi barədə iddialarla bağlı isə Seyidov bunları söylədi:" Transfer məsələsi klubun baş məşqçisi Milinko Pantiçin nəzarətindədi. O, bu məsələdən xəbərsizdi. Bir şeyi də qeyd etmək istərdim ki, Pantiç klubun prezidenti Hafiz Məmmədovun istəyi ilə baş məşqçi vəzifəsinə təyin olunub. Pantiçin arxasında Hafiz Məmmədov dayanıb. Ona görə hər kəs bilməlidi ki, "Bakı" fubol klubu öz prezidentinin, baş məşqçisinin yürütdüyü siyasətə daim sədaqət göstərir".
EMİN SƏFƏROV





