Qış fasiləsi başlayandan Topaz Premyer Liqasında iştirak edən klublarımız mövsümün qalan hissəsinə lazımi səviyyədə hazırlaşmalı, heyətlərini bir qədər də gücləndirməli idilər. Bunun üçün onların qarşısında hər hansı əngəl, maneə yox idi. Sadəcə, hamı cibinə, imkanına görə nəsə etməliydi. Düzdü, komandalar bu imkandan maksimum istifadə etməyə çalışdı, amma yatıb qalanlar, özünü qatarın son vaqonuna qaçaraq çatdıranlar da oldu.
 
Bildiyiniz kimi, qış “transfer pəncərəsi”nin son günü yanvarın 31-nə təsadüf edirdi. Buna qədər klublarımız heyətlərinə cəlb etmək istədikləri futbolçular ilə razılıq əldə edib, münasibətlərini rəsmiləşdirdikdən sonra Peşəkar Futbol Liqasına sifariş vərəqələrini təqdim etməli idilər.
 
Hər zaman qeyri-peşəkarlıqla fərqlənən əksər klublarımız bu dəfə də ciddi qayda pozuntusuna yol verdi. Onlar yubandı, yubandı və bir də bəlli oldu ki, “pəncərə” bağlanıb. Bundan sonra heyətə yamaq vurmağa çalışan komandalar bəzi transferləri yekunlaşdırdı.
 
Məsələn, "Simurq" Mindauqas Kalonas transferini yanvarın son gününə kimi rəsmiləşdirə bilmədi. Əvəzində litvalı yarımmüdafiəçini “Bakı”dan icarəyə götürdüklərini rəsmən fevralın 3-də açıqladı. Bu isə qaydaları birbaşa ziddi. Düzdü, zaqatalalılar müqaviləni yanvarın 31-nə kimi rəsmiləşdirdiklərini, transferi isə daha sonra açıqladıqlarını iddia edir. Amma bizdə olan bilgiyə görə, heç də belə deyil. Sadəcə, möhür öz əllərindədi, hansı tarixi istəyirlər, sənədə də həmin vaxtı yazırlar. Yəni, saxtakarlıq var, amma onu sübut etmək mümkün deyil.
 
Məsələni aydınlaşdırmaq üçün sözügedən klubun icraçı direktoru Vaqif Əliyevlə əlaqə saxladıq. Əliyev isə Kalonasla yanvarın 31-də müqavilə imzaladıqlarını, 2 gün öncə PFL-ə təqdim etdiklərini bildirərək, bu məsələdə qeyri-qanuni heç nə olmadığını iddia edir. Vaqif müəllim hətta litvalı futbolçu ilə 10 gündən artıqdı maraqlandıqlarını ictimaiyyətə bildirdiklərini qeyd etsə də, bu haqda idman mətbuatı yalnız fevralın 3-də məlumat əldə edib.
 
Əslində, Vaqif Əliyev düz deyir. Bu məsələdə qeyri-qanuni nə var ki? Azərbaycan futboludu da. Biz artıq bu reallıq ilə barışmalıyıq. Həm də “Simurq” tək deyil ki… “Sumqayıt” da Şahrudin Məhəmmədəliyevi eyni qaydada sıralarına qatıb.
 
EMİN SƏFƏROV
Shares: