"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq "Böyük oyun"la bağlı fikirlərini dilə gətirib. Futbolinfo.az saytına açıqlamasında klub rəsmisi bunları dilə gətirib:
 
"Gəlin qalmaqallardan danışmayaq. Super Kubok oyununu misal gətirmək olar. Oyun ərzində meydanada qaydalar çərçivəsində mübarizə getdi. Oyundan sonra isə hər iki klubun rəhbərliyi, məşqçiləri və futbolçuları bir yerdə şam yeməyi yedilər. Bir daha hər iki klub göstərdi ki, arada heç bir problem yoxdu, rəqabət meydanda gedir. Bizim üçün sevindirici məqamlardan biri odu ki, Mustafa Dənizlinin gəlişindən sonra "Xəzər Lənkəran"da dirçəlmə var. "Qarabağ" oyununda da bu özünü göstərdi. Dənizli türk futbol ruhunu Lənkərana gətirib. Komanda sona qədər mübarizə aparır. Mənə elə gəlir ki, qarşıdan gələn görüş çox maraqlı olacaq. İstərdim ki, "Neftçi" azarkeşləri həmin oyunda olmasa da, lənkəranlı azarkeşlər tribunaları doldursun. Ən əsası odu ki, futbolsevərlər gözəl bir oyuna şahidlik etsin və güclü olan tərəf qələbə qazansın".
 
Sonda isə Süleymanov Lənkəranda baş tutacaq matçdakı azarkeş amilinə də toxunub: "APOEL-də "Neftçi"nin azarkeşi var idi? 25 min çılğın azarkeşin qarşısında komandamız tarixi qələbəsini qazandı. Başqa bir misal da çəkə bilərəm. "Ayntraxt"la oyunda "Qarabağ"ın azarkeşi vardı? Az sayda azarkeş var idi, onlar da 50 minin qarşısında səssiz qalırdı. Amma "Qarabağ" Almaniyada ev sahiblərindən daha yaxşı çıxış etdi, nəinki Tofiq Bəhramovda öz azarkeşləri qarşısında. Ən önəmlisi odu ki, stadion boş olmasın".
Shares: