"Mən transfer vərəqəmi hələ klubdan götürməmişəm. Artıq transfer pəncərəsi bağlanıb. Bundan sonra neynəyəcəyimi bilmirəm". Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Simurq"un keçmiş üzvü Rövşən Əmiraslanov deyib.
 
Əmiraslanov bir müddət öncə klubla yollarını ayırsa da, transfer vərəqəsini ala bilmir. O, bir neçə dəfə klub prezidenti Anar Bəkirovla görüşsə də, danışıqların müsbət nəticələnmədiyini bildirib. Futbolçunun sözlərinə görə Zaqatala təmsilçisindən rəsmən ayrılması üçün ondan 10 min manat pul tələb olunub:
 
"Mən Anar Bəkirovu çoxdan tanıyıram. Yaxşı da münasibətimiz var. Bu məsələ niyə belə oldu, bilmirəm. Məndən transfer vərəqəmi götürməyim üçün 10 min manat istənildi. Bunu mənə birbaşa Anar müəllim deməyib. Adlarını çəkə bilmərəm, amma klubda bəzi rəsmilər var ki, pul məsələsini onlar mənə dedi. Daha sonra mən Bəkirovla görüşə bilmədim. Vaqif Əliyevlə əlaqə saxladım. Mənə bildirdi ki, ayrılmağa ehtiyac yoxdu, komandaya qayıdıram. Toplanışda komandayla olmadığım üçün bir müddət əvəzedicilərdə məşq etməli idim. Sonra klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladım. O mənə dedi ki, gedib transfer vərəqəmi götürə bilərəm. Bunun üçün heç bir pul lazım deyil. Mən də bir neçə klub vardı ki, onlarla danışmışdım. Sənədim əlimdə olsaydı, komandayla məşqlərə başlaya bilərdim. Sadəcə, sözügedən sənəd olmadığı üçün heç bir kluba yaxın durmaq olmadı. Artıq transfer pəncərəsi də bağlanıb. İndi də gedib transfer vərəqəmi götürməliyəm. Nə olacağını bilmirəm".
Shares: