Ötən ilin dekabr ayında AFFA-nın İcraiyyə Komitəsi Premyer Liqada çıxış edən klublar haqda qərar qəbul etmişdi. Qərarda Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktorunun təyin olunması və onun məvacibinin AFFA-nın hesabına ödənilməsi göstərilirdi. Hətta elita təmsilçilərində bu istiqamətdə görülən işlərin federasiya tərəfindən monitorinqi aparılacağı və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacağı da bildirilmişdi.
Qərarın verilməsindən 2 ay keçməsinə baxmayaraq hələ də idman direktorlarını təyin etməyən klublar var. Futbolinfo.az olaraq İK-nın verdiyi qərarın icrasının nə yerdə olmasını öyrəndik. Nəticələr isə ürəkaçan deyil.
Tahir Süleymanov ("Neftçi"nin vitse-prezidenti): "Hələ mart ayına qədər vaxt var. Burada söhbət uşaq futbolunun inkişafından gedir. Federasiya təyin olunan şəxslərin bütün maliyyə xərclərini öz öhdəsinə götürüb. "Neftçi"yə bu mövzuda heç bir təklif olunmayıb. Bizim klubda bu sistem yüksək səviyyədə təşkil olunub. Buna misal olaraq, gənc futbolçularımızın həm öz komandamızda, həm də digər elita klublarında oynamasını göstərmək olar. Yaxın günlərdə yəqin ki, bu məsələ ilə bağlı söhbətlər olacaq. Hansısa mütəxəssis gəlib işimizə bir az da təkan verəcəksə, təbii ki, biz bu əməkdaşlığa hazırıq. Biz həmişə yerli mütəxəssislərə üstünlük vermişik. Bu, həm əsas, həm də aşağı yaş qrupu üzrə komandalarda belədi. Hər klubun öz yolu var. Biz əcnəbi mütəxəssislərin əleyhinə deyilik. Bu gün bizim klubda fəaliyyət göstərənlər futbolu bilən insanlardı. Göstərdiyimiz nəticələr də buna sübutdu. Milyonlarla vəsait xərcləyib, hansısa əcnəbi gətirib, 5-6 aydan sonra onu göndərməmək üçün planlı şəkildə çalışırıq".
Əmrah Çəlikəl ("Qarabağ"ın direktoru): "Artıq AFFA bizə həmin mütəxəssisi göndərib və o klubda fəaliyyət göstərir. Meksikalı mütəxəssisdi. Düşünürəm ki, AFFA klublara ziyan edən bir qərar qəbul etməz. Həmin mütəxəssisin işi haqda indidən nəsə demək düzgün olmaz".
Səbuhi Məmmədov ("İnter"in mətbuat xidmətinin rəhbəri): "Rəhbərliyin bu qərardan xəbəri var. Hazırda klub prezidenti Georgi Nikolov ölkədə deyil. Bu həftə gələcək, ondan sonra qərar veriləcək. Lakin bizdə uşaq məktəbinin direktoru var. Xodukin və Rüstəm Əliyev bu vəzifəni icra edir. Ancaq mart ayınadək bu məsələ öz həllini tapacaq".
Rüstəm Allahverdiyev ("Simurq"un mətbuat xidmətinin rəhbəri): "Onu AFFA təyin edir, biz yox. Bizə də hələ ki, federasiya tərəfindən keç kəs təyin edilməyib. Bəzi klublar öz namizədlərini AFFA-ya təqdim edib. Bizdə bu vəzifə olmadığından namizədimiz yoxdu. Bu səbəbdən futbol qurumu kluba idman direktoru təyin etdikdə bu haqda mətbuata məlumat veriləcək".
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "Artıq bu məsələ ilə bağlı biz öz namizədimizi seçmişik. Tezliklə bu barədə AFFA-nın baş katibi Elxan Məmmədova müraciət olunacaq. Həmin mütəxəssis əcnəbidi. "Bakı"nın gətirəcəyi idman direktoru ya ispan, ya da fransız olacaq".
Məsələ ilə bağlı "Rəvan" rəsmiləri ilə danışmaq istəsək də, cəhdlərimiz boşa çıxdı. Bu səbəbdən adıçəkilən klubdan heç kəsin fikirlərini öyrənə bilmədik. "Xəzər Lənkəran" rəsmiləri ilə danışıq cəhdlərimiz də baş tutmadı. Klubun vitse-prezidenti zənglərimizi cavabsız qoydu. Komandanın rəisi Səməd Mustafayev isə zəngimizə cavab versə də, bu haqda danışmaq istəmədi.
RÖVŞƏN ƏHLİMANOĞLU





