"Simurq"un yarımmüdafiəçisi Nicat Qurbanovun futbolinfo.az saytına müshaibəsi
 
– Komandanın hazırlığı necə gedir?
– "Bakı" ilə oyuna hazırlaşırıq. Hazırlıqlar normal səviyyədə gedir. İnanıram ki, hər şey yaxşı olacaq.
 
– Heyətdə hansı çatışmazlıqlar var?
– Zədəli futbolçumuz var. İlkin Qırtımov zədə səbəbindən "Bakı" ilə oyunu buraxa bilər. Həkimlər onu oyuna qədər hazırlamağa çalışır. Cəzalı futbolçumuz isə səhv etmirəmsə, Tural Axundovdu.
 
– "Neftçi" ilə oyuna qayıdaq. Məğlubiyyətin səbəblərini nədə görürsüz?
– Birinci və ikinci hissədə fərqli futbol oynadıq. Özüm da başa düşmədim ki, ikinci hissədə komandaya nə oldu. Yaxşı oynamadıq və uduzduq. Deyərdim ki, oyunumuz alınmadı. Məğlubiyyətin səbəblərini baş məşqçi daha yaxşı bilər.
 
– Qış fasiləsində heyətə yeni futbolçular cəlb olundu. Bu futbolçuların "Simurq"a nə dərəcədə xeyri ola bilər?
– Açığını deyim, yaxşı transferlər edilib. Mindauqas Kalonas uzun müddətdi ki, Azərbaycan çempionatında oynayır. "Bakı"nın heyətində 6 qol vurmuş bir oyunçudu. Məncə, onların komandaya xeyri dəyəcək. Ndukanın özü də bizim çempionata bələddi. İnanıram ki, bu futbolçular komandaya yararlı olacaq. Benjamin Lambot da "Neftçi" ilə oyunda pis təsir bağışlamadı. Ümid edirəm ki, bütün yenilərin 3-4 oyuna əsl bacarıqlarını görərik.
 
– Mövsümün əvvəlində hədəfinizin avrokuboklara vəsiqə qazanmaq olduğunu bildirmişdiniz. İndi isə komanda kubokdan kənar qalıb, turnir cədvəlində də iddialılar sırasında deyilsiz…
– Çempionat hələ başa çatmayıb. 3-cü dövrə yeni başlayıb. O qədər də böyük xal fərqi yoxdu. Qarşıdakı "Bakı", "İnter" və "Qarabağ"la oyunda maksimum nəticə göstərməyə çalışacağıq. Hələ hər şey bitməyib. Futbolda hər şey ola bilər. "Qarabağ" "Xəzər Lənkəran"a uduzdu, lakin bu iddiasını itirdi demək deyil. Biz də "Neftçi"yə məğlub olduq, amma hər şey qabaqdadı.
 
– Özünüz də qeyd etdiz ki, "Bakı", "İnter" və "Qarabağ"la ardıcıl oyunlarınız var. Bu 3 ağır oyunun hamısında maksimum nəticə qazanmaq olacaq?
– Biz çempionata tam hazırıq. Fiziki baxımdan heç bir komandadan geri qalmırıq. Hazırda çempionatda zəif komanda yoxdu, bütün oyunlar ağır keçir. Düşünmürəm ki, bu mənada biz geri qala bilərik. İnşallah, çıxıb maksimum nəticə qazanacağıq.
 
– "Simurq" – "Bakı", "Qəbələ" – "Qarabağ" maraqlı oyunlar olsa da, futbol ictimaiyyəti "Xəzər Lənkəran" – "Neftçi" oyununa daha çox maraq göstərir. Siz "Böyük oyun" haqda nə deyə bilərsiz?
– Bu cür oyunların olması yaxşı haldı. "Böyük oyun" turun əsas oyunudu. Bu cür oyunlar çempionata marağı daha da artırır. Mən də bir futbolçu kimi istərdim ki, bu cür oyunlar çox olsun və azarkeşlərin də marağı artsın.
 
– Tribunaları boş görəndə yəqin ki, bir futbolçu kimi bu sizin də xoşunuza gəlmir. Sizcə, "Böyük oyun"da rəqib azarkeşlərin olmaması oyuna marağı azaldacaq?
– Bu iki klubun azarkeşləri bir-birinə düşmən kimi baxır. Məncə, bu, düzgün deyil. Çünki bu, futboldu, burada ancaq komandaya dəstək olmalısan. Meydanda oyunu maraqlı etmək, futbolçunu dəstəkləmək lazımdı. "Böyük oyun"da rəqib azarkeşlərin olmaması futbola marağı öldürür. Ancaq Zaqatalada elə deyil. Biz öz meydanımızda oynayanda demək olar ki, tribunalar dolu olur. Fikrimcə, azarkeşlərin stadiondakı xuliqanlıqlarına görə futbola o qədər də maraq yoxdu. Elə azarkeşlik etmək lazımdı ki, heç kim ziyan görməsin. Buna görə də klub rəhbərləri öz azarkeşləri ilə görüş keçirməlidi. Çünki azarkeşinə görə klublar cəzalanır.
 
– "Simurq" azarkeşlərinə nə söz verə bilərsiz?
– Azarkeşlərimiz həmişə bizimlə olub. Bakıdakı oyunlarda da bizə sonadək dəstək veriblər. Biz də komanda şəklində çalışacağıq ki, onların ümidlərini doğruldaq.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: