Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev Lənkəranda baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" matçı haqda fikirlərini dilə gətirib. Futbolinfo.az saytına açıqlamasında yerli məşqçi bunları bildirib:
"Mənim fikrimcə, bu, "Böyük oyun" deyil. Sadəcə, iki komanda arasında keçirilən bir qarşılaşmadı. İndi o vəziyyət deyil ki, bu komandalar birinci yer uğrunda vuruşsun və ya bu həlledici oyunlardan biri olsun. Düzdü, prinsipial oyundu. Burada mətbuatın da rolu böyükdü. Azarkeşlər, futbolçular, rəhbərlik hamısı bir-birinə qarşı qoyulub. Bu dərəcədə ajiotaj yaratmaq lazım deyil. Çünki bu oyun da digərləri kimi, iki Azərbaycan komandasının görüşüdü. Hər iki klub eyni ölkəni təmil edir. Bunu çox şişirtmək lazım deyil. Hər iki komanda üçün çətin olacaq. Mustafa Dənizlinin gəlişindən sonra "Xəzər Lənkəran" yüksəliş dövrünü yaşayır. "Neftçi" də oturuşmuş bir komandadı. Ona görə oyunun necə bitəcəyini proqnozlaşdırmaq sadəcə, ağılsızlıq olardı. Ancaq Lənkəranın evdə oynaması onlara üstünlük qazandırır. "Neftçi"nin üstünlüyü isə sabit heyətə malik olması və oturuşmuş oyun göstərməsidi. Bu oyunda məşqçilərin əl işi görünəcək. Şansları 50-nin 50-yə dəyərləndirirəm".





