"Neftçi"nin keçmiş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 20-ci turunda baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" oyunu haqda fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında yerli məşqçi bunları dilə gətirib:
"Maraqlı oyun olacaq. Artıq 3-cü dövrə başlanıb. Rəqib meydanında qazanılan xal çempionluğun 50 faizi deməkdi. Lənkəran klubunda da yeni baş məşqçi, yeni heyət var. Onlar da uğur qazanmağa çalışacaq. Hazırda "Xəzər Lənkəran"ın çempionluğu real görünmür. Amma hər hansı bir yer uğrunda və "Böyük oyun"da qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Gözəl oyun olacaq. Evdə oynadıqlarına görə Mustafa Dənizlinin komandası üstünlük əldə edir. Lakin "Neftçi"nin son zamanlarda göstərdiyi sabit oyun qonaqların iddiasından xəbər verir. Bu cür oyunlar Azərbaycan çempionatına rəng qatır. Futbol 90 dəqiqədi, izləyərik, görərik".





