Topaz Premyer Liqasının 20-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" hazırlığı davam etdirir. Futbolinfo.az xəbər verir ki, bir neçə gün əvvəl Türkiyəyə yollanan baş məşqçi Mustafa Dənizli də artıq komandanın düşərgəsinə qayıdıb.
 
Bu gün axşam saatlarında "Bayıl Arena"da məşq edən cənublular hazırlıq prosesinə yüngül qaçışla başlayıb. Daha sonra "ağ-yaşıllar" topla çalışmalara davam edib.
 
Lənkəran klubunun heyətində çatışmazlıqlar var. Belə ki, Adrian Pit, Slavik Alxasov və Zohair Benuahi məşqdə iştirak etməyib. Benuahinin Lənkərandakı matçda forma geyməyəcəyi dəqiqləşib. Buna səbəb futbolçunun ayaq dırnaqlarında problem yaranmasıdı. Elnur Abdullayev isə cəzalı olmasına baxmayaraq, komandayla birgə məşqlərə qatılıb.
Shares: