"Bakı"nın qapıçısı Aqil Məmmədovun futbolinfo.az saytına müsahibəsi
 
– "Rəvan" üzərində inamlı qələbə qazandız. Oyun haqda fikirlərinizi bilmək maraqlı olardı…
– Öncə onu deyə bilərəm ki, İspaniyada yaxşı təlim-məşq toplanışı keçdik. Çətin rəqiblərə qarşı oynadıq. Kollektivimiz də çox mehriban idi. "Rəvan" üzərində qələbə qazanmağımız da onun nəticəsidi. İnşallah, qələbələrimizin davamı gələr.
 
– Əsas heyətdə meydana çıxmağınız gözlənilməz oldu. Bu, təlim-məşq prosesində yaxşı hazırlaşmağınızın nəticəsi idi, yoxsa başqa amil var idi?
– Gözlənilməz deyəndə ki, yaxşı məşq edib, baş məşqçinin etibarını qazanırsansa, sənə şans verir.
 
– Demək olarmı ki, Kamran Ağayevin "Qəbələ"yə keçməsi sizin işinizi bir qədər asanlaşdırdı?
– Xeyr. Bu, futboldu. Kamran hazırda millimizin bir nömrəli qapıçısıdı. Amma mən sabah başqa bir oyunda səhv etsəm, yenə ehtiyata düşə bilərəm. Bunlar hamısı boş-boş şeylərdi. Düzdü, Azərbaycanda ancaq ad-sana önəm verirlər. Amma heyətə düşmək üçün indikindən daha çox məşq etmək lazımdı.
 
– "Simurq"la oyunda da əsas heyətdə meydana çıxacağınıza inanırsız?
– İnanın ki, heç nədən xəbərim yoxdu. Baş məşqçinin nə qərar verəcəyini bilmirəm. Fikrimcə, "Rəvan"la oyunda pis təsir bağışlamadım. Yəqin ki, bu dəfə də mənə şans verər.
 
– Müqavilə ilə "Bakı"ya məxsus olan Mindauqas Kalonas bundan sonra "Simurq"da çıxış edəcək. O, əsas heyətdə sizə qarşı oynasa, "Bakı"nı cəzalandıra bilər?
– (Gülür) Biz şəxsi mənafeyimiz üçün oynamırıq ki. Komandamız üçün oynayırıq. Futbol elə bir oyundu ki, gərək yaxşı kollektivin olsun, nəticə əldə edəsən. Hər bir qapıçı qapısını toxunulmaz saxlamaq istəyər. Şükür Allaha, müdafiə xəttimiz güclüdü. Onlar, Kalonasın bizə qol vurmasına imkan verməz.
 
EMİN SƏFƏROV
Shares: