Topaz Premyer Liqasının 19-cu turunda AZAL "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikdən sonra "Qarabağ" "İnter"ə qalib gələrək turnir cədvəlinin ən üst pilləsinə yüksəldi. Elə həmin turda "Neftçi" rəsmiləri hakimlikdən şikayətlənərək "Qarabağ"ı və ya "Qəbələ"ni çempion etmək istəyirlərsə, bizə desinlər, biz də işimizi bilək" deyərək sərt ittihamlarla yadda qalmışdı. Artıq bir çoxları düşünürdü ki, Nazim Süleymanovla uğursuzluğa düçar olan "Neftçi" həqiqətən də çempionluqdan əlini üzüb.
Beləliklə, "Qarabağ" fasiləyə qış çempionu kimi yollandı. Baxmayaraq ki, qış çempionluğuna qədər ağdamlılar nisbətən zəif komandalara qarşı çox vacib xallar itirmişdi. "Atlılar"ın baş məşqisi Qurban Qurbanov "zəif"lərlə xal itkilərini bəxtsizliklə əlaqələndirirdi. Əslində, bunu bəxtsizlik adlandırmaq yalnış olardı. Qurbanov xal itkilərini "dişsiz" hüçumçularının ayaqlarına yazsaydı, daha doğru olardı. Gözlənilən o idi ki, komanda qış "transfer pəncərəsi"ndə heyətini bir qədər gücləndirəcək. Ancaq ağdamlılar yalnız Tiflis "Dinamo"sundan Jaba Dvalini mövsümün sonuna qədər icarəyə götürərək, başqa bir transferə ehtiyac duymadılar.
Halbuki, baş məşqçi Qurbanov hələ təlim-məşq toplanışına yollanmamışdan öncə hər xətt üzrə bir transfer etmək istədiklərini qeyd etmişdi. Komandanın icraçı direktoru Əmrah Çəlikəl Qurbanovun açıqlamasına təkan verərək, baş məşqçinin transfer məsələsində arxasında olduqlarını bildirmişdi. Çox keçmədi, şahidi olduq ki, Çəlikəlin bu açıqlaması pafoslu çıxışdan başqa bir şey deyil. Çəlikəlin çıxışları həqiqəti əks etdirsə idi, təkcə hələ ötən il almaq istədikləri, lakin qiyməti baha olan 29 yaşlı Dvalini bu mövsümün sonuna qədər icarəyə götürməzdilər.
"Qarabağ"ın çempion olması üçün yalnız bir şansı var. Rəhbərlik oturub-durub dua etməlidi ki, hüçumçularının ayağı açılsın. Bir də zədə brazilyalılardan, eləcə də müdafiə xəttində çıxış edən futbolçulardan yan keçsin. Düzdü, peşəkar bir klub dualarla, gümanlarla öz iddiasını sürdürə bilməz. Ancaq söhbət peşəkarlıqdan gedirsə, ağdamlılar təkcə Dvali ilə kiafayətlənməli deyildilər. Gürcü futbolçu ilə kifayətlənməyin Qurbanovun fikri olmadığı açıq-aşkar bəllidi. Görünür, bilmədiyimiz gizli məqamlar var və rəhbərlik yalnız Qurban bəyi irəli verməklə məsuliyyətdən qaçır.
Ötən illərdə olduğu kimi "Qarabağ" rəhbərliyi bu mövsüm də çempionluq marağında deyil. Hər mövsüm Avroliqanın təsnifat mərhələsində çıxış edib, pley-offda mübarizəni dayandırmaq görünür rəhbərlik üçün daha şirindi. Çünki çempion olacaqları təqdirdə kluba daha da artıq mailiyyə xərcləyib, ÇL-də iştirakını yaxşı səviyyədə təmin etməlidirlər. Ancaq bu məsələ "Qarabağ" rəhbərliyi üçün əlavə xərc tələb etdiyindən, görünür, elə bu mövsümdə də yalnız Avrliqaya vəsiqə uğrunda mübarizə aparmalarını istəyirlər. Çünki "Qəbələ"nin gücləndiyi, Böyükağa Hacıyevin "Neftçi"yə rəhbərlik etdiyi bir vaxtda xəsis rəhbərlik üzündən ağdamlıların çempionluq şansı çox cüzi görsənir.
EMİN SƏFƏROV





