Xəbər verdiyimiz kimi, "Rəvan" Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı keçirilmiş oyundakı hakimlikdən narazı qalıb. Futbolinfo.az xəbər verir ki, meydan sahibləri rəqibə baş hakim Rauf Cabbarovun bərbad idarəçiliyi ucbatından uduzduğunu iddia edir.
Sözügedən referinin bu oyundakı idarəçiliyi ilə bağlı "Rəvan"ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqubovun dedikləri də az maraq doğurmur:
"Belə hakimlik olar? Hakim meydana ədaləti qorumaq üçün çıxmalıdı. Daha qərəzli idarəçilik üçün yox. Start fitindən sona qədər əleyhimizə qərarlar qəbul etdi. Praktiki olaraq, hər fola görə sarı vərəqə verdi. Qərəzli hakimliklə uzatma dəqiqələrinə qədər heç-heçə hesabını qoruya bilsək də, 4-cü uzatma dəqiqəsində uydurduğu penalti ilə 10 nəfərlə sona qədər döyüşən komandanın əziyyətini yerə vurdu. Buna qədər oyunun son 10-15 dəqiqəsində “İnter”in futbolçuları müdafiəni yara bilmədiklərini görüb 3-4 dəfə cərimə meydançasında özlərini yerə atmışdı. Cabbarov isə fürsət gözləyirdi. Mübarizə olan kimi özündən penalti uydurdu. Bu idarəçilik hakimlik adına, sadəcə, biabırçılıqdı. Bilirsiz, Cabbarovun idarə etdiyi bütün oyunlarda haqsızlıqla üzləşirik. O, birinci dəfə deyil ki, bizə qarşı belə edir. Görünür, nəsə marağı var. Belə hakimlər Azərbaycan futbolu üçün qara ləkədi. O heç ümumiyyətlə, hakim adını daşımağa da layiq deyil".





