"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyun haqqında şərh vermək istəmirəm. Əgər bu gün hakimin əlində imkan olsaydı, 11 futbolçumuzun hamısını qovardı. "Böyük oyun"dan söhbət gedə bilməz. "Böyük oyun" tarixdə qaldı. 2:0 qalib gəldiyimiz oyunun son 15 dəqiqəsində 2 qol buraxdıq. Rəhim Həsənov "Neftçi" ilə yola getmir. Onu Hakimlər Komitəsi araşdırmalıdı. Oyuna gəldikdə, maraqlı qarşılaşma oldu. Amma 3 xalı itirdiyimizə görə təəssüflənirəm.
Avtobusumun şüşəsini Lənkəranda sındırdılar. Kiprdə olanda heç bu qədər problemlə üzləşməmişdik. Bu gün çox lazımsız hərəkətlər oldu.
Məni öz vətənimdə polis qoruyur. Bu, nə deməkdi? Mənim üçün bütün bölgələr eynidi. Həmişə demişəm, kim güclüdü, o da udsun. "Neftçi" gəldi, 3 xal olmasa da, bir xal qazandı. Lənkəranda futbol ab-havası başqadı. XL üçün burada əla şərait yaradılıb. Mən Super Kubok oyununda Naxçıvanda "Xəzər Lənkəran" rəhbırliyinə yaxınlaşıb onlara "nə problem olsa, burdayıq" dedim. Biz hər kəsə bacardığımız köməyi etmişik. Slavik Alxasovu istədilər, təmənnasız verdik. 55 yaşım var, məni tribunadan söyürlər. Məni söyən kimdisə, gəlsin üzümə söysün. Mən demişdim ki, naxçıvanlılarla lənkəranlılar oxşardı. Amma bu, qətiyyən belə deyil. Əgər kimsə, Naxçıvanda Toşakı söysəydi, mən onun cavabını özüm verərdim. Qaldı Rəhim Həsənova, onu Allaha tapşırıram Bu da bizim FİFA refetimiz".
ELSEVƏR, LƏNKƏRAN





