Bazar günü Lənkəranda derbi adına hər şey var idi. Gözəl ab-hava, həyəcan,əzəli rəqabət. Dumanisə sanki futbol ab-havasına görə stadiona qonaq gəlmişdi. Lənkəran Dumanlı Albiona bənzəyirdi.
Təkcə duman Lənkəranı İngiltərəyə bənzətmirdi. Futbolçuların ustalıq səviyyəsindəki fərqi, birdə futbolçularla azarkeşlər arasındakı tərbiyəsiz atışmanı nəzərə almasaq 2 Premyer Liqa arasında bir sıra bənzərliklər var idi: dolu stadion, əsl azarkeş dəstəyi, meydanın hər qarışı uğrunda amansız mübarizə və s. Hə, bir də düşüncə, anlayış fərqi var idi. Çünki İngiltərədə hakim xətalarına “hər bir insan səhv edə bilər” düşüncəsiylə yanaşırlar, “Böyük oyun”da isə tərəflər hakimin ideala yaxın idarəçiliyində belə qərəz axtarırdılar. Heç kim futbolçunun niyə yersiz kobudluğa yol verdiyini görmürdü, hakimin niyə buna görə fit çaldığını müzakirə edirdi.
Stadiona oyuna 20 dəqiqə qalmış çatdım. Halbuki qaldığım məkandan çıxarkənazı matça 1 saat qalmış “Fırtınalar meydanı”nda olacağımı düşünmüşdüm. Amma arenaya qədər təxminən 2 kilometr yolu piyada getməli oldum. Lənkəran əhalisinin ən sevimli əyləncəsi olan futbol hamını mərkəzi oyuna səsləyirdi. Qonağın əzəli rəqib “Neftçi” olması isə yollardakı tıxacın səbəbi idi. Artıq stadionun ətrafındakı küçələrin əksəriyyəti azarkeşlərin maşınları üçün dayanacağa çevrilmişdi və belədə nəqliyyatın hərəkəti mümkünsüz idi. Hamı arenaya dar səki iləpiyada getməyə məcbur olmuşdu.
Stadionun girişindəki basabasdan bəlli idi ki, anşlaq olacaq. Düzdü, arenaya girdikdən sonra qapı arxasındakı tribunalarda boşluqlar gözə dəyirdi. Amma matç başlayandan sonra o boşluqlar da insan izdihamı qarşısında əridi.
Maraqlıdı ki, bütün bunlar mövsümü inamlı keçirməyən komandanın oyununda yaşanırdı. Həm də Lənkəranda oyunla bağlı heç bir afişaya rast gəlmədiyimdən deyə bilərəm ki, hamı əsl futbol xəstəsidi, təbliğatsız da yerli klubunun oyunlarından tam məlumatlıdı. İndi gör bu komanda çempionluğa oynasa və müxtəlif səbəblərdən azarkeşlərini küsdürməsə, necə olar?
Stadionda olan azarkeşlərin söhbətlərindən də anlaşılırdı ki, Lənkəranda az qala hamı özünü ən azı Mustafa Dənizli qədər böyük məşqçi sayır. Kimin oynamalı, kiminehtiyatda oturmalı olduğu barədə hərənin öz fikri var və onlar dediklərini isbat etmək üçün hətta dalaşmağa hazırdı. Fərq ondadı ki, “Neftçi” 2:0 öndə olarkən Dənizlini qınayanlar heç-heçədən sonra onu tərifləməyə başlamamışdı.
Matçdan öncə bir sıra lənkəranlı sadə vətəndaşla sıhbətləşdim. Onların demək olar, əksəriyyəti qalmaqallara görə narahatlığını bildirir, davaya meylli gəncləri qınayırdı. Hətta bu üzdən arenadan qaçaq düşənlər də var, heç kimin ara qarışanda başının yarılmasını, bəzi azarkeşlər kimi həbsə düşmək istəmir. Ancaq oyuna qonaq azarkeşlərin gəlməyəcəyini bilənlər arenanın yolunu tutmuşdu – necə də olmasa, qalmaqal ehtimalı azalmışdı.
Oyuna azarkeşlərin maraq göstərməsinin digər səbəbi isə matçın canlı yayınlanmaması idi. Ancaq bundan bəzi işbazlar öz mənafeyi üçün faydalanırdı. Çünki qarşılaşmanın startına az qalmış artıq biletlər 3 manata satılırdı.
Bu da Dumanlı Albionda rast gələ bilməyəcəyimiz haldı.
VÜSAL MAHMUDOV, LƏNKƏRAN





