Lənkəranda yenə ara qarışdı, daha bir "Böyük oyun" qalmaqalla bitdi. Amma budəfəki qalmaqalın "qəhrəmanı" azarkeşlər yox, azarkeşləri buna təhrik edən oyun iştirakçıları oldu; budəfəki qalmaqalın "qəhrəmanı" hakimlər yox, öz günahını hakimin boynuna yıxmağa çalışan tərəflər oldu.
Əslində, "Neftçi" Lənkərana ya qalib gəlməyə, ya da mümkün uğursuzluğu kiminsə boynuna qoymağa getmişdi. Oyun öncəsi avtobusa hücümla bağlı informasiyanın ictimailəşdirilməsi boşuna deyildi. Rəqib düşərgədə "Xəzər Lənkəran"ı ictimai qınaqla üz-üzə qoymaq üçün bu taktika başadüşülən idi. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun açıqlaması isə hadisələri gərginləşdirmək cəhdi idi. Əks halda "oynamadan Bakıya qayıda bilərik" deyən klub rəsmisi daha sonra "Lənkərana oynamaq üçün gəlmişik" deməzdi. Neçə vaxtı "Xəzər Lənkəran"ın hansı durumda olmasından asılı olmayaraq cənub səfərindən qələbəsiz dönən "Neftçi"nin sindiromu qırmaq üçün başqa yolu da yox idi.
"Neftçi" son 3 ilin çempionudu. Qızıl medalların da hamısını elə hay-küylə qazanıblar. Hər məğlubiyyəti elə qlobal problemə çevirirlər ki, hamının gözü qorxur. Növbəti söz-söhbətin episentirində olmamaq üçün hamı ehtiyatlanır, "Neftçi"nin şərindən uzaq qalmaq üçün cəhd göstərirlər. Beləcə bakılıların yolu təmizlənib və Sadıq Sadıqovun məharəti haqda miflər, əla klub prezidenti olması barədə rəvayətlər gündəmə gəlir. Məğlubiyyəti həzm edə bilməmək, uğursuzluğa görə gunahı özündə görmək istəməmək isə "Neftçi"nin adətidi. Son oyunda 2:0 öndə olana kimi hər şey onlar üçün ideal idi. Belə ki, meydan sahibləri hesabı bərabərləşdirdi, təcili günahkar axtarışı başladı. Bəs kimdi günahkar?
* Tərbiyəsizlik edib meydandan qovulan futbolçular? Yox, Sadıq Sadıqovun day-daylıq etdikləri səbəbkar ola bilməz. Onlar qələbənin memarıdı, uğursuzluq yalnız başqasının boynuna minməlidi:
* 2 top hesabı ilə önə keçdikləri oyunu əldən vermələrinə səbəb olan baş məşqçi? Nə danışırsan, Böyükağa Hacıyev səhv edə bilməz, o, başqalarının torbasını tikib geri ona görə qayıtmayıb ki, uğursuzluğu adına yazdırsın. Hacıyev Mustafa Dənizliyə uduzduğunu etiraf etməkdənsə, hakimlərə arvad qarğışı edir. Görəsən, hakim səhvləri, tapşırıqlar, kənar təzyiqlər hesabına qazanılan çempionluqların ardından belə açıqlamalara görə vicdanları sızlayırmı?
Elə "Xəzər Lənkəran" rəhbərliyi də həmkarlarından geri qalmır. Yəni bunların vurduğu hesaba alınmayan qoldan sonra (bu zaman hesab 0:1 idi) meydan sahiblərinin rəhbərliyi etirazını elə çılğınlıqla bildirdi ki, sanki Rəhim Həsənov qapıçıya qarşı kobudluğa da göz yummalı idi. Oyunun sonunda isə artıq "Neftçi" şikayətçi rolunda idi. FiFA referisi "Xəzər Lənkəran"a kömək etmək istəsəydi, qərəzli olsaydı, elə həmin qolu hesaba alardı. Ümumiyyətlə, "Neftçi" kənarda səbəbkar axtarmasın, Lənkərandakı obyektiv hakimliyə ləkə vurmasın. "Ağ-qaralar" hələ çox belə uğursuzluq görəcək. Çünki heyət yetərsizdi. Heyətdə olan futbolçular isə yalnız qruplaşma yaratmaqla məşğuldu. Nazim Süleymanovun "futbolçu alın" tələbinə görə öz yerlərindən qorxaraq ona torba tikən futbolçular indi uğursuzluğa görə cavab verməlidi, gunahsız hakimi suçlamamalıdı.
FƏRİD, LƏNKƏRAN





