Ötən gün baş tutan "Bakılı" – "Araz Naxçıvan" matçında "Nəqşicahan" fan-klubu daha bir yeniliyə imza atıb. Futbolinfo.az xəbər verir ki, futbola azarkeş marağının artırılması məqsədilə "Nəqşicahan" fan-klubu komandanın baş məşqçisi, məşqçiləri və futbolçularına top imzalatdırıb və həmin top bir azarkeşə nəsib olub.
 
Belə ki, oyun başlanmazdan əvvəl azarkeşlərə üzərində rəqəm yazılmış vərəqlər paylanılıb. Oyunun fasiləsi zamanı "Araz Naxçıvan"ın futbolçuları Aleksandr Krustkeviç və Eşqin Quliyev azarkeşlərin arasına dəvət olunub. "Saşa" ləqəbli futbolçu paketdən 16 rəqəmini çıxarıb. Bəxt Axundzadə Mahmudun “üzünə gülüb”.
 
Naxçıvan klubunun futbolçusu Eşqin Quliyev “imzalı top”u Axundzadə Mahmuda təqdim edib. Topun sahibi Axundazə Mahmud bu maraqlı aksiya haqqında fikirlərini bölüşüb:
 
“Əvvəla belə aksiyaları alqışlayır və dəstəkləyirəm. Əslən lənkəranlıyam. Lənkərandakı derbi matçına gedə bilmədiyimdən istədim ki, azarkeş həvəsimi bu oyuna baxmaqla “öldürüm”. Çoxlu naxçıvanlı dostlarım olduğundan, elə onlara qoşulub bu oyuna baxmağa gəldim. Bu “imzalı top” mənə qismət oldu. Düşünürəm ki, bununla da “Xəzər-Lənkəran” və “Araz Naxçıvan” azarkeşlərinin dostluq bünövrəsi qoyulmuş oldu”.
Shares: