"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran"la səfər matçından sonra futbol başbilənlərimizin bu qarşılaşmanı canlı izləməməsindən şikayətlənmişdi. Onlardan bəzisi bu gün futbolinfo.az saytına açıqlamasında Süleymanovun iradlarına münasibət də bildirmişdi.
Lakin AFFA-nın 1-ci vitse-prezidenti, millət vəkili Rauf Əliyevin daha sərt açıqlaması "Neftçi" rəsmisinin bu məsələyə bir daha qayıtmasına şərait yaratdı. Süleymanov saytımıza növbəti açıqlamasında bunları söylədi:
"Xəzər Lənkəran" – "Neftçi", yaxud da "Neftçi" – "Xəzər Lənkəran" görüşlərində AFFA-nın 1-ci vitse prezidenti Rauf Əliyevin olmasını arzu etməyimin belə qarşılanması mənim üçün təəccüblü oldu. Müəyyən şəxslərin bu cür oyunlarda olması matçın mahiyyətini daha da artırır və qarşılaşmanın yüksək səviyyəyə çatması üçün zəmin yaradır. Biz kəskin fikirlər səsləndirməmişik. Sadəcə olaraq, arzumuzu bildirmişik. Matçlarda olan prosesləri televiziya və mətbuat vasitəsi ilə yox, əyani şəkildə izləsinlər. Mənə elə gəlir ki, burada heç bir qəbahətli iş yoxdu. Bu, onların vəzifə borcudu. Digər tərəfdən Rauf müəllim bildirir ki, "Xəzər Lənkəran" – "Neftçi" komandalarının qarşılaşması turnir cədvəli baxımından derbi oyunu deyil. Bir misal gətirim: "Fənərbaxça" və "Qalatasaray" klubları arasında baş tutan derbilərdə komandaların turnir cədvəlindəki yerlərindən asılı olmayaraq həmin qarşılaşmalar yüksək ab-havada keçirilir. Elə dünənki oyunun da o səviyyədə keçməsi bir daha sübut edir ki, "Neftçi" və "Xəzər Lənkəran" arasında baş tutan görüşlər "Böyük oyun" statusu alıb. Turnir cədvəlinə görə, bu qarşılaşmanın derbi oyunu kimi səsləndirilməməsi ən azından "Xəzər Lənkəran" klubuna hörmətsizlikdi.
Rauf müəllim bilidirir ki, Tahir Süleymanov kimdi? 10 il bundan öncə Azərbaycan futbolunda apardığımız mübarizədə Tahir Süleymanovun hansı əmək sahibi oluduğunu Rauf Əliyev yəqin ki, çox gözəl bilir. Bu gün AFFA prezidentinin gördüyü işlər göz qabağındadı. Görülən infrastruktur işləri, tikilən stadionlar və milli komandamız üçün yaradılan şəraitin hamısı təqdirəlayiqdi. Nəzərinizə çatdırım ki, Rauf müəllim Rövnəq Abdullayevdən öncə də AFFA vitse-prezidenti olub. Həmin dövrdəki milli komanda məşq etməyə yer tapmırdı. Şahin Diniyevin rəhbərliyi ilə milli komanda DYP-nin stadionunda məşq edirdi. Rauf müəllim bilsə, daha yaxşı olar ki, bu səviyyədə oyun heç canlı yayımlanmadı. Məndən yaşca böyük olan Rauf Əliyevin mətbuatda "Tahir Süleymanov kimdi" deməsini ona yaraşdırmadım. Gələcəkdə Azərbaycan futbolunun inkişafı üçün stadionlarda onların daha çox olması, futbolun təbliğinə, təşkilatı məsələlərin yüksək səviyyədə görülməsinə müsbət təsir göstərər.
O ki qaldı Peşəkar Futbol Liqasına, nəzərinizə çatdırım ki, həmin qurum seçkili orqandı. Klublar tərəfindən seçilir və AFFA-nın üzvlərindən biridi. Fikirimcə, əlavə şərhə ehtiyac yoxdu. Bir daha bildirirəm ki, bizim Rauf Əliyevlə heç bir qərəzimiz yoxdu. Sadəcə, bildirmişik ki, istər təşkilati, istərsə də nüfuz baxımından o cür şəxslərin olması futbolumuza müsbət təsir edə bilər. Bu cür insanların oyunlarda olması futbolumuzun populyarlaşmasına, inkişafına xidmət edə bilər. Bir daha qeyd edirəm ki, bu, onların vəzifə borcudu. Bu cür məsələlərə aqresiv yanaşmaq yolverilməzdi, etik normalara uyğun deyil. Daha əvvəl dediyim sözlərin də üstündə dururam".
EMİN SƏFƏROV





