"Çelsi" və "Mançester Siti"nin çalışdırıcıları Joze Mourinyo və Manuel Pelleqrini arasında polemika davam etməkdədi. Futbolinfo.az xəbər verir ki, çilili mütəxəssisin son açıqlamasından sonra portuqaliyalı ona cavab verməkdə gecikməyib.
Pelleqrini son “zadəganlar”ın “südəmər at” olmasına baxmayaraq, transferlərə çox pul xərclədiyini desə də, Mou onun yanlış düşündüyünü qeyd edib: "Hər kəs "Mançester Siti"nin necə komanda olduğunu bilir. Pelleqrini bizim xərclədiyimiz pullar haqqında danışır. Məncə, o, çox yaxşı məşqçidi, ona böyük hörmətim var. Bundan başqa Pelleqrini həm də mühəndisdi. Bir mühəndisin 37 milyonluq Mata və 18 milyonluq De Braynın qiymətinin ümumilikdə 55 milyon funt etdiyini bilməsi üçün hesablama maşınına ehtiyacı yoxdu. Matiçi 21 milyon, Salahı isə 11 milyon funta aldıq. 55-dən 32-i çıxanda 23 qalır. Yəni bu transfer dönəmində 23 milyon qazanmışıq".
Mourinyo həm də Premyer Liqadakı çempionluq şanslarını da dəyərləndirib: "Hazırda Premyer Liqada lider mövqedəyik. Bundan sonra nə qədər xal toplamalı olduğumuz haqda düşünmürəm. Çünki bütün rəqiblər bizim üçün təhlükəlidi. Əgər cari mövsüm çempion ola bilməsək, bu, məndə ruh düşkünlüyü yaratmayacaq. Lakin hazırkı səviyyəmizi qoruya bilməsək, bu mənə çox pis təsir edər".
Qeyd edək ki, "Çelsi" 25 turdan sonra 56 xalla liderdi.





