Premyer Liqada növbədi nəticəsi əvvəlcədən bəlli olan oyunun reallaşmasının astanasındayıq. Yarandığı gündən haqqında söz-söhbətlər gəzən "İnter" – "Simurq" qardaşlığı yenidən baş qaldırır.
Son iki mövsüm istisna olmaqla “bankirlər”in “kiçik qardaş”ından rahatlıqla 3 xal alması adi hala çevrilmişdi. Belə ki, eyni mənbədən maliyyələşən klublardan zaqatalalılar farm-klub rolunu oynayır, “İnter” üçün xal mənbəyi, “böyük qardaş”ın rəqibləri üçün başağrı funksiyasını yerinə yetirirdi. Təsadüfi deyil ki, “Simurq”un indiki baş məşqçisi Georgi Çixradze də daxil olmaqla, bu komandanın əksər futbolçu və məşqçi heyəti məhz “İnter”in şinelindən çıxanlar olurdu. Bakı klubunun bir çox üzvləri zaman-zaman məhz şimal şəhəri təmsilçisinə icarəyə verilir ki, bu da qardaşlığın nəticəsidi.
İki komandanın eyni hədəfə vurmasını, qardaş olmasını tərəflər təkzib etsə də, görünən kəndə bələdçi lazım deyil. Hətta son iki mövsümdə zaqatalalıların “İnter”i yenməsi, büdrətməsi də gözdən pərdə asmaq üçün idi. İndi – “İnter”in çətin durumunda, “Simurq”un iddiasıza çevrildiyi bir vaxtda yenidən tərəflər arasında xal bölgüsünün “bank üsulu” reallaşacaq.
Hətta bunun üçün bir sıra addımlar da atılıb. Bu cür addımlardan sonra Zaqatalada növbəti turun oyununda “İnter”in qalib gələcəyindən şübhələnməmək mümkün deyil. Qardaşlıq münasibətlərindən arxayın olan "İnter" növbəti turda baş tutacaq "Simurq"la oyunu unudub, "Neftçi" ilə gələn həftəki paytaxt derbisinə hazırlaşır. "Bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadze "Simurq"la görüşdəki qələbədən arxayın olmasaydı, futbolçularını istirahətə göndərməzdi. Əslində, bu istirahət sizin bildiyiniz hansısa məkanda xoş vaxt keçirtməkdən ibarət deyil. Buna süni istirahət desək, daha düzgün olar.
Məlumat üçün qeyd edək ki, Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Rəvan" – "İnter" qarşılaşmasından sonra ev sahibləri hakimin idarəçiliyindən narazı qalmışdılar. Matçın videoicmalına baxarkən Bayıl təmsilçisinin bu narazılığına haqq qazandırmaq olar. Həqiqətən də həmin gün fit sahibi Rauf Cabbarov qərarları ilə "göz oxşayırdı". Belə ki, Cabbarov matçın 90+4 dəqiqəsində ev sahiblərinin qapısına çox şübhəli penalti təyin etdi. Maraqlıdı ki, cərimə zərbəsini dəqiq yerinə yetirib qələbə qolunun müəllifi olan Vaqif Cavadov bundan 1 dəqiqə əvvəl qeyri-idman hərəkətinə görə Cabbarov tərəfindən sarı vərəqə ilə cəzalandırılmışdı. Oyuna artırılmış son dəqiqədə isə müdafiəçi Brüs Abdulaye heç nədən hakimin qərarına etiraz olaraq sarı vərəqə aldı. Sözügedən futbolçuların yersiz, həm də məqsədli vərəqə alması onların növbəti turda "Simurq"la oyuda iştirak etməsinə mane olacaq. Futbolçuların "Rəvan"ın hüçüm etmədiyi bir vaxtda heç nədən sarı vərəqə alması isə görünür, baş məşqçinin tapşırığıdı. Çünki "Simurq" kimi qardaşı olduğunu bilən "İnter"in baş məşqçisi aparıcı futbolçulara bir o qədər də ehtiyac duymayacaq. O, bu qardaşlıqdan doğan rahatçılıq sayəsində artıq 3 xalın aktivinə yazıldığını düşünür. Bu səbəbdən də cəza həddində olan futbolçuların Zaqatalada vərəqə alıb “Neftçi” ilə oyunu buraxmaq təhlükəsindən qaçmaq üçün aparıcı oyunçular olan “cütlük” indidən “təmizləndi” ki, paytaxt derbisində əsas heyətdə olsunlar.
Bizə səbr edib, həmin matçı gözləmək qalır. Görək, bu qardaşlıqdan daha hansı güzəştlər ortaya çıxacaq? Hər halda hər iki klubun məşqçisi gürcüdü, rəhbərlikləri də eyni bulaqdan su içir, bir-biriləri ilə dil tapmaq onlar üçün bir o qədər də çətin olmayacaq.
EMİN SƏFƏROV





