Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AZAL – “Sumqayıt” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Rəvan” – “İnter” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar. Oyunun 44-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunda “Neftçi”nin futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etməlidi.
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov KİV-də (xatırladaq ki, o, bu barədə bütün açıqlamalarını məhz futbolinfo.az saytına vermişdi – red.) AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə olunub. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.





