"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi
 
– Arif müəllim, hazırda nə işlə məşğulsuz?
– Hazırda heç bir işlə məşğul olmuram. Çempionat oyunlarını izləyirəm.
 
– Premyer Liqanın son turundakı oyunları necə dəyərləndirirsiz?
– Baş tutan oyunlar çempionatdakı mübarizəni bir qədər də gərginləşdirdi. "Qarabağ" əgər bu turda da xal itirsəydi, komandalar arasında fərq çoxalacaqdı. Amma Ağdam klubu bu turda istədiyi nəticəni əldə etdi və "Neftçi"nin də xal itkisindən sonra ilk "üçlük"də sıxlıq yarandı. "Bakı" və "İnter"in də qələbələrini nəzərə alsaq, demək olar ki, liderlər qrupunda gərgin mübarizə gedir.
 
– "Böyük oyun"da "Neftçi" 2:0 hesabı ilə öndə idi. Sizcə, bakılıların qələbəni əldən verməsinə nə səbəb oldu?
– Düzdü, məlum səbəblərdən oyuna baxmağa imkanımız olmadı. Düşünürəm ki, 2-ci qoldan sonra "Neftçi"də arxayınlıq yarandı. "Xəzər Lənkəran" kimi komandalarla oyunda sona kimi mübarizə aparmaq lazımdı. Mustafa Dənizlinin komandası da öz sözünü dedi.
 
– Mustafa Dənizlinin "Xəzər Lənkəran"ın sükanı arxasına keçməsindən sonra cənubluların oyununda nə kimi fərqlər görürsüz?
– Komandanın oyununda düzəlişlər hiss olunur. Artıq cənublular sistemli şəkildə oynayırlar. Bu amil "Neftçi" ilə oyunda da özünü göstərdi. Dənizlinin gəlişindən sonra komandada iş getdiyi hiss olunur.
 
– "Böyük oyun"un son dəqiqələrində qırmızı vərəqələrin sayı çox oldu. Matçın bu cür başa çatacağını gözləyirdiz?
– Ümumiyyətlə, son vaxtlar "Neftçi"də qırmızı vərəqə alan futbolçulara tez-tez rast gəlmək olar. Bu, Nazim Süleymanovun vaxtında da var idi. Bunun üçün "Neftçi" rəhbərliyi düşünməlidi. Çünki hər dəfə qırmızı vərəqə almaqla sonda futbolçusuz qala bilər. "Neftçi"də lider futbolçuların yoxluğu istər-istəməz növbəti oyunda öz mənfi təsirini göstərəcək. Çətin rəqiblərlə üzləşəcəyini nəzərə alsaq, xal itkisi ilə də üzləşə bilər. "Böyük oyun"da olan qırmızı vərəqələr oyunun gərgin keçməsindən irəli gəldi. Onsuz da turnir cədvəlindəki yerlərindən asılı olmayaraq, bu 2 komanda arasında mübarizə həmişə qızğın şəkildə keçir. Düşünürəm ki, bu son 2 ildə intriqa baxımından bu gərginlik azalmışdı. Ancaq son ildə baş tutan oyunlar gərginliyi bir qədər də artırdı.
 
– Sizcə, belə intriqalar Azərbaycan futboluna lazımdı?
– Peşəkar və sağlam şəkildə olsa, lazımdı. Ancaq meydanda olmaq şərti ilə. Ötən dəfə "Xəzər Lənkəran" Bakıda, bu dəfə də "Neftçi" Lənkəranda azarkeşsiz oynadı. Düşünürəm ki, bunlar aradan qaldırılmalıdı. Çünki bu komandaların görüşü Azərbaycan çempionatına yaraşıq gətirir. Ancaq sağlam mübarizənin tərəfdarıyam.
 
– Qeyd etdiz ki, "Neftçi"də son vaxtlar qırmızı vərəqələrin sayı çoxalıb. Bu, komandada intizamın aşağı səviyyədə olmasının nəticəsi sayıla bilər?
– Siz dediyiniz də düzdü. Ancaq futbolçuların qələbə əzmini, məğlubiyyəti istəməməsi baxımından da ola bilər. Bunun nəticəsində, xüsusən də legionerlər öz komandalarına zərbə vururlar.
 
– Axı digər komandalar da qələbə qazanmaq istəyir: "Bakı", "Qəbələ" "İnter"…
– Ona görə də deyirəm ki, "Neftçi" rəhbərliyi bunun üçün tədbir görməlidi. Baş məşqçi və yaxud da klub rəhbərliyi əllərində olan cəza tədbirləri ilə bunun qarşısını ala bilərlər.
 
– Yəqin məlumatınız var ki, bu gün "Neftçi"nin 2 oyunçusu 4, 1 futbolçusu isə 3 oyunluq cəzalandığı üçün qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək…
– Bu barədə məlumatım yoxdu. Sizdən eşidirəm. Hansı futbolçular?
 
– Bruno Bertuççi, Karlos Kardoso və Mahir Şükürov.
– Görürsüz, heç mənim xəbərim yox idi. Siz dediz, fikirimiz üst-üstə düşdü. Sözügedən futbolçular "Neftçi" üçün böyük qüvvədi. Hər birinin çempionluğa gedən yolda komandaya xeyri dəyə bilər. Bunların 3-4 oyunluq cəzalanması böyük itkidi.
 
– Bir cəzanı da deyim sizə. Tahir Süleymanov da 10 oyunluq cəza aldı, klub da 20 min manat cərimə olunub.
– 10 oyunluq? Tahir Süleymanov və yaxud digər rəhbərlər komandanın oyununu kənardan izləyirlər. Bunun komandaya o dərəcə də təsiri ola bilməz. Süleymanov oyunda olmasa da, komanda ilə bazada görüşüb öz fikirlərini bildirə bilər. Ancaq oyunda futbolçuların olmaması öz təsirini daha çox göstərəcək.
 
– Yadınınızdadısa, Nazim Süleymanov "Neftçi"də baş məşqçi olanda rəhbərlikdən transfer etməyi tələb etmişdi. Ancaq rəhbərlik gənc futbolçularla yola davam etməyə üstünlük verdi. Sizcə, əsas futbolçuların yoxluğunda rəhbərliyin bu qərarına görə Böyükağa Hacıyev etimadı doğrulda biləcəkmi?
– Bu, klubun öz siyasətidi. Bu da gənc futbolçuların əlinə düşən bir şansdı ki, bundan istifadə edib, heyətdə özlərinə yer tapa bilərlər.
 
– Sizcə, çempionluq uğrunda hansı komandalar rəqabətə tab gətirə biləcək?
– Hansı komanda əsas oyunçularını qoruyub saxlaya bilsə, o  da rəqabəti qazanacaq. Komandalarda 2 heyət olmalıdı ki, ardıcıl keçən gərgin oyunlarda digər futbolçuların yoxluğu hiss olunmasın. Məsələn, "Qarabağ"da Rəşad Sadıqov oynamadı, uduzdular. Ancaq "Qəbələ" ilə oyunda meydana çıxdı, ağdamlılar qələbə qazandı. Bunu digər futbolçuların, eləcə də baş məşqçi Qurban Qurbanovun işinə kölgə salmaq üçün demirəm. Sadəcə olaraq bu cür oyunlarda komandalarda lider oyunçular olmalıdı ki, çətin anlarda klubunu arxasınca apara bilsin. Ona görə də düşünürəm ki, hansı komanda lider oyunçularını qoruyub saxlasa, o da çempion olacaq. Ancaq rəqabətin "Qarabağ", "Neftçi" və "Qəbələ" arasında gedəcəyini düşünürəm.
 
EMİN SƏFƏROV
Shares: