"Rəvan"ın müdafiəçisi Novruz Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– "İnter"lə oyun haqda nə deyə bilərsiz?
– Oyun çox çətin keçdi. Hər oyuna ciddi hazırlaşırıq. Mümkün qədər xal yığmağa çalışırıq. "İnter"lə qarşılşamanın çətin olacağını bilirdik. Amma məğlub olduq. Son dəqiqələrdə qol buraxmağımız komandaya pis təsir etdi.
– Son dəqiqələrdə qapınızda qol gördünüz. "Bakı" ilə oyunda olduğu kimi bu dəfə də penaltiyə səbəb oldunuz…
– Bəli, "Bakı" lə oyunda da penaltiyə səbəb olmuşdum. Amma bunlar məndən asılı deyildi. Konkret son oyunu götürsək, fikrimcə, 94-cü dəqiqədə belə penalti verilmir. Diqqətlə həmin epizoda baxsanız, görərsiniz ki, mən onu yıxmadım. Vaqif mənə dəydi və yıxıldı. Sonra deyirlər əllə oynadı, yerə yıxılanda əli açıq idi. Başa düşmürəm ki, mən yerə yıxılanda düz yıxılmalıyam? İstər-istəməz əl açılır. O ki, qaldı Vaqifi vurmağıma, həmin epizoda baxanda görərlər ki, kim-kimə dəyir. Hələ mən həmin epizodda Vaqifə toxunmamağa çalışıram. Hakimlik haqda heç nə demək istəmirəm. Amma oyunun nəticəsinə təsir edən səhv olduğu üçün adama təsir edir. Mən ikinci hissədə meydana daxil oldum, ancaq ilk hissədə də yalnış qərarlar oldu. Lakin biz bunları unudub "Sumqayıt"la oyuna köklənməli və qələbə qazanmalıyıq.
– Hətta oyun qurtarandan sonra hisslərinizi cilovlaya bilmədiz…
– Təbii ki, çox əsəbiydim. Birinci oyunda penaltiyə səbəb olanda hesab açıldı. Bu dəfə də eyni aqibət gəldi məni tapdı.
– "Bakı" ilə oyunda hesabın açılmasına, "İnter"lə isə bağlanmasına səbəb oldunuz…
– Bəli, hesab bağlandı. "İnter"in oyunçuları bizim cərimə meydançamızda çox aciz halda yıxılırdı. Elə bil onlara "get yıxıl" deyirdilər. Həm də biz bir nəfər azlıqda mübarizə aparırdıq.
– Rəhbərlik matçdan sonra Rauf Cabbarovdan narazılığını bildirdi. Siz Cabbarovun idarəçiliyi haqda nə deyə bilərsiz?
– Çox zəif idarəçilik idi. Mən demirəm ki, Rauf hər epizodda səhv qərar verdi. Doğru qərarları da var idi. 5-ci dəqiqədə elə bir məqamda cərimə zərbəsi vermədi ki, eyni halda "Bakı" ilə oyunda bizim qapımıza penalti verilmişdi. Tyaqo 3 nəfəri keçir, 4-cüsü gəlir onu yıxır. Amma hakim fit çalmır. İndi danışanda deyəcəklər məğlubiyyəti hakimin üstünə atırlar, amma bu, belə deyil. Bizim də səhvlərimiz oldu. Buna hazırlıqlı olmalıydıq.
– Bir məqam da var ki, "Bakı" ilə matçda səbəb olduğunuz penaltiyə görə sarı vərəqə ilə cəzalandırılmadınız, Cabbarov isə sizə "sarı" göstərdi. Yəni bu idarəçiliyi qərəz adlandırardınız, ya hakim səhvi?
– O da insandı. Səhv də ola bilər, qərəz də. Ancaq həmin epizodda səhv qərarları çox oldu. Deyir toxunuş var. Təbii ki, futbolda toxunuş olmalıdı. Şahmat deyil ki, heç kimə toxunmayasan. Yenə deyirəm ki, 94-cü dəqiqədə belə penalti verməzlər. Bu qədər əziyyət çəkdiyimiz oyunda məğlub olduq.
– Güvənç Kurtar haqda nə deyərdiz?
– Hər məşqçinin öz taktikası, oyun üslubu olur. Hər məşqçi öz komandasının güclü olmasını istəyir. Biz də buna çalışırıq.
– "Rəvan" Premyer Liqada ən çox məşqçi dəyişən komandadı. Bu baş məşqçilərdən hansını fərqləndirərdiz?
– Mən inanmıram ki, hansısa məşqçi öz işinə məsuliyyətsiz yanaşsın. Hamı əlindən gələni edir ki, yaxşı nəticə qazansın. Fərqləndirmək çətindi.
– Kurtar fasilədə iddialı açıqlamalar verirdi. Lakin fasilə 2 turdu bitib və fiasko davam edir. Sizcə, Kurtarın da 2 aylıq limiti qalıb, ya onun fəaliyyəti uzunmüddətli olacaq?
– Son dəqiqlərdə qol buraxıb məğlub olmuşuq. Döyüşkən bir komandayıq. Amma məşqçinin neçə tur işləyəcəyini deyə bimərəm.
– Güvənç Kurtar İvan Pexanın "Rəvan"a lazımsız müdafiəçi olduğunu bildirmişdi. Hətta "Pexa yaxşı futbolçu olsaydı komanda 9 oyuna 32 qol buraxmazdı" fikrini bildirib. Amma onun olmadığı "Bakı" ilə oyunda "Rəvan" 5 qol buraxıb…
– Mən Pexanı pisləyən deyiləm. Haradasa 18 tur bir oynamışıq. Meydanda yaxşı da oynamışıq, pis də. Məncə, pis olsaydı, gəlib burada oynamazdı. Həm də Pexayla birgə o 32 qolu biz də buraxmışıq.
– Sonda "Sumqayıt"la qarşıdakı oyun haqda fikirlərinizi bilmək istərdik…
– Cavan, vuruşan, sona qədər mübarizə aparan komandadı. Çətin oyun olacaq. Ən azından qələbə qazanmaq üçün meydanda onlardan 2 dəfə çox qaçmalıyıq. Baxmayaraq ki, rəqib meydanda oynayırıq. Lakin bu komanda üzərində ilk qələbəmizi də səfərdə qazanmışıq. Həm də turnir cədvəlindəki mövqelərimiz bu oyuna təsir edir. "İnter"lə oyunu unudub, "Sumqayıt"la qarşılaşmaya hazırlaşırıq.
RÖVŞƏN ƏHLİMANOĞLU





