Topaz Premyer Liqasının 20-ci turunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları növbəti dəfə üz-üzə gəldilər. Lənkəranda baş tutan oyun hər kəsdən daha çox Mustafa Dənizli üçün önəmli idi.
 
Türkiyəli mütəxəssis Mirça Rednikdən sonra heç bir məşqçi ilə yola getməyən cənublulara ümid verə bilərdi. Onun gəlişindən sonra heç bir oyunda uduzmayan, səfərdə çempionatın lideri “Qarabağ”a qalib gələn “ağ-yaşıllar”ın çalışdırcısının budəfəki sınağı daha ağır idi. “Böyük oyun”da qalib gəlsə, Dənizli özünü bir az da sevdirməyi bacaracaqdı. Lakin oyuna pis başlayan Lənkəran klubunun hesabda geri düşməsi fanatların ümidlərini qırdı. Düzdü, ilk qoldan sonra onlar komandalarını dəstəkləməyə davam etsələr də, ikinci qoldan sonra artıq köhnə küskünlük yada düşməyə başladı və hətta öz doğma futbolçularını da söyməyə başladılar.
 
Amma Dənizlinin komandası əzmkarlığı ilə öz sözünü dedi. 85 və 90+4-cü dəqiqələrdə gələn qollar lənkəranlı azarkeşlərin ümidlərini yenidən özlərinə qaytardı. Əslində bu qolların vurulmasında baş məşqçi amilinin böyük rolu var idi. Əvəzetmələrlə oyunda “geri dönüş” edən türkiyəli məşqçi doğurdan da bu sevgiyə layiq olduğunu sübut etdi.
 
Qarşıda lənkəranlıları yenə çətin oyunlar gözləyir. Əgər Dənizli bu oyunlardan üzüağ çıxa bilsə, o zaman özünə Lənkəranda dərin izlər buraxacaq. Eynilə Rednik kimi…
 
Bu matçdan sonra bir çoxları bu qarşılaşmanın “Böyük oyun” olmadığını, “Qəbələ” – “Qarabağ” matçının turun mərkəzi görüşü adına layiq olduğunu bildirdi. Hətta Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da bu məqama toxunmuşdu və o da eyni fikirləri səsləndirmişdi. Ölkə derbisi adını alan bu oyuna kimlərinsə bu gözlə baxmağı düzgün deyil. “Böyük oyun” nə olursa-olsun, adını saxlamaqda davam edir. Oyunda olan hər şey bunu sübut edirdi. Bu mövzuda çox yazılar yazıldı və hər kəs oyunda başverənlərin – qolların, qırmızı vərəqələrin, futbolçu mübahisələrinin öz adına layiq olduğunu söylədi. Amma maraqlı olan bir məqam qaldı. Kim nə desə də, hər iki komandanın meydanda olan futbolçuları bu matçın derbi olduğunu sübut edirdilər. Həm “Neftçi”, həm də “Xəzər Lənkəran” futbolçularının meydanda bir-birlərinə qarşı aqressiv davranışları, hər qarış uğrunda mübarizələri diqqəti cəlb etməyə bilməzdi. Hətta Villiam Tyeqonun öz qapısına vurduğu qoldan sonra bakılıların sevinci də matçın prinsipallığından xəbər verirdi.
 
Oyunun hakimi Rəhim Həsənov da matça rəng qatdı. Referi verdiyi qərarlarla matçın rəngarəng keçməsi üçün əlindən gələni etdi. O, oyunun 10-cu dəqiqəsində Skarlatakenin qolunu qeydə almamaqla nə qədər yerli azarkeşlərin söyüşlərini qazansa da, Tərlan Quliyevə, Karlos Kordozo və Bruno Bertuççiyə verdiyi qırmızı vərəqələrlə cənublu fanatlar tərəfindən alqışlandı. Həsənovun hər iki tərəfə qarşı bəzi səhv qərarları oldu. Elə bunun nəticəsi idi ki, “Neftçi” tərəfi verilən qırmızı vərəqələrlə və hakimin bir neçə qərarı ilə razılaşmadı. Oyundan sonra Böyükağa Hacıyev, Tahir Süleymanov və komandanın futbolçuları iradlarını bildirməkdə davam edirdi. Verilən vərəqələr təbii ki, haqlı idi. Sadəcə, “ağ-qaralar” belə şeylərə o qədər də öyrəşməyib. 2012-ci il dekabrın 12-də Lənkəranda baş tutan oyunda Flavinyo Adrian Pitə lazımsız yerə təpiklə vursa da, oyunun baş hakimi Fariz Yusifov biabırçı qərar qəbul edərək braziliyalıya sarı vərəqə göstərmişdi. 2013-cü il avqustun 25-də yenə də Lənkəranda baş tutan “Böyük oyun”da Araz Abdullayev lüzum olmadan yerə yıxılan Tounkaranı bilə-bilə tapdalasa da, Yusifov yenə qonaqların futbolçusunu cəzasız qoymuşdu. Belə "güzəştlər"ə alışıq olan bakılılar bu dəfə Həsənovun sərt qərarları ilə necə razılaşa bilərdi ki? Onları buna görə haqlı (?!) saymaq olar…
 
Həmişəki kimi, bu oyunda da yerli azarkeşlərin çılğınlığı, coşqusu diqqət çəkirdi. Onlar hətta az qala 90 dəqiqə boyunca rəqib komandanın müdafiəçisi Mahir Şükürovu müxtəlif söyüşlərə qonaq etdilər. Əslində, söyüşə görə heç bir azarkeşə haqq qazandırmaq olmaz. Amma niyə məhz Şükürovun daim belə aqibətlə üzləşməsini həm “Neftçi”, həm də futbolçu özü araşdırmalıdı. Niyə hər yerdə “ağ-qaralar”ın müdafiəçisini belə şeylərə “qonaq edirlər”. Hətta “Böyük oyun”da yerli fanatlar meydana oturacaqları sındırıb atdılar. Bu da onun tərbiyəsiz jestindən sonra baş verdi. Halbuki, Mahir əsl peşəkar futbolçu olsaydı, tribunalarda başverənlərə əhəmiyyət verməyib, öz futbolunu oynayardı.
 
Oyunda diqqət çəkən məqamlar:
1. Ağabala Ramazanov keçmiş komandasına qarşı olduqca gözəl oyun sərgilədi. İlk  qolun ötürməsini də verən gənc hücumçu qırmızı vərəqə almasaydı, XL-in ən yaxşısı sayıla bilərdi.
2. Tərlan Quliyev oyun başlayandan meydanda aqressivliyi ilə seçilirdi. Onun meydanda qovulacağı gözlənilirdi və bu, baş verdi.
3. Havanın dumanlı olması oyununun gedişatına mane olsa da, meydanda maraqlı mübarizənin şahidi olduq.
4. Oyundan sonra Mahir Şükürovun Lənkəran stadionunda şüşələri sındırması onun “insani keyfiyyətləri”nin göstəricisi idi.
5. Oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bir jurnalistə “sən təxribati suallar verirsən” dedi. Jurnalistlə klub rəsmisi arasında yaranan mübahisənin sonunda Abbaszadə üzr istəməli oldu. Çünki “Olaylar” qəzetinin əməkdaşı heç bir mətbuat konfransında Böyükağa Hacıyevə təxribati sual vermədiyini bildirdi və “Neftçi”nin mətbuat xidmətinin rəhbəri onu kiminləsə səhv saldığını deyərək, üzr istədi.
6. Azarkeşlərin oyunda açdığı “Şəhidlər ölməz, vətən bölünməz” pankartı isə matça gözəllik qatan əsas amil idi.
 
ELSEVƏR, LƏNKƏRAN
Shares: