Dünən təcili olaraq  Premyer Liqada mübarizə aparan komandaların baş məşqçiləri, eləcə də klub rəsmiləri AFFA-nın inzibatına binasına çağırıldı. Məqsəd isə növbəti mövsüm üçün legioner və 21 yaşlı futbolçu limitini müzakirə etmək idi.
 
Bu məsələdən narahat olan və limit probleminin ciddiliyini qəbul edən məşqçilər və  klub rəsmiləri konfrans zalında öz yerlərini almışdı. Futbolumuz üçün ciddi bir məsələnin müzakirə olunmasına baxmayaraq, "Bakı" və "Qəbələ"nin nə baş məşqçisi, nə də klub rəsmiləri iclasda iştirak etmədilər.
 
Hər dəfə açıqlamalarında "Azərbaycan futbolunu qaldırmağa gəlmişəm" deyən "Bakı"nın baş məşqçisi Milinko Pantiç bu iclasa təşrif buyurmaq üçün heç isti yerindən belə qalxmadı. Klub prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə "Bakı"nı “sükanı arxasına” gətirilən Pantiç yəqin onun patronunun İcraiyyə Komitəsinin üzvü olduğunu unudub. Ya da Məmmədovun ona "day-daylıq” etdiyini nəzərə alaraq bu cür saymamazlıq edib. Bəlkə də Məmmədovun İcraiyyə Komitəsində bu qərarın lehinə səs verdiyini nəzərə alaraq növbəti müzakirədə iştirakını özü üçün riskli sayıb.
 
Pantiç iclasda iştirak etməməsinə "Bakı"nın eyni anda məşqinin olmasını səbəb göstərir. Görəsən,  Milinko bir məşqdə yarımçıq iştirak etsə idi, "Bakı" çempionluqdan məhrum olacaqdı?  Yoxsa həmin məşqdə futbolumuzu qaldırmaq üçün çoxsaylı legionerlə fərdi söhbət edirdi? Axı, həmin tədbirə qatılan digər çalışdırıcılar da bu müzakirəni məşqdən daha vacib bilmişdi.
 
Düzdü, iclasda iştirak etməyin vacibliyi bəlkə də AFFA tərəfindən vurğulanmamışdı. Ancaq "futbolunuzu qaldırmağa gəlmişəm" deyən məşqçi konfransda iştirak etməklə dediyi pafoslu sözü heç olmasa, bir iclasda iştirak etməklə sübut etmiş olardı. Axı, tədbirdə Azərbaycan futbolunun gələcəyi ilə bağlı vacib məsələlər müzakirə olunurdu.
 
Eyni sözləri "Qəbələ" klubunun məşqçi və rəsmilərinə də şamil etmək olar. Düzdü, baş məqşçilər komandalarını 21-ci tura hazırladığı bir vaxtda bu iclasın düzgün vaxta təyin edilmədiyini də nəzərə almaq olar. Ancaq bir şey var ki, limit məsələsinin ciddiliyini dərk edən şəxslər işlərini yarımçıq qoyaraq AFFA-nın çağırışını geri çevirməmişdilər. Onu da nəzərə almaq lazımdı məsələnin mahiyyətini anlayan Mustafa Dənizli Qəbələyə komandasından sonra getdi. Eləcə də ilə  Qurban Qurbanov,  Böyükağa Hacıyev komandalarının məşqlərində yarımçıq iştirak etdilər. Bəlkə də Yuri Syominin sağlıq durumu üzündən tədbirə qatılmaması haqda “arayış”ını qəbul etmək olardı. Ancaq bu, o zaman mümkün olardı ki, həmin “arayış”ı “Qəbələ” rəsmilərindən kimsə gətirəydi. Gəl ki, əyalət klubunun rəhbərliyi də “Bakı”dakı həmkarları kimi AFFA-nın tədbirini lazımsız saydılar.
 
EMİN SƏFƏROV
Shares: