“Neftçi” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində 09.02.2014-cü il tarixdə keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı AFFA-nın İntizam Komitəsinin çıxardığı bəzi qərarlara etiraz edir. Futbolinfo.az xəbər verir ki, bununla əlaqədar olaraq paytaxt klubu tərəfindən AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə rəsmi şikayət məktubu ünvanlanıb.
Xatırladaq ki, bu oyunla bağlı AFFA "Neftçi"yə aşağıdakı cəzaları kəsmişdi:
Oyunun 89-cu dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 38.3).
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 16 №-li futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 38.3).
Oyunda “Neftçi” klubunun 22-li futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırmışdır. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etsin.
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir. (maddə 81, maddə 10.5).





