AZAL-ın yeni transferi Laşa Kasiradzenin futbolinfo.az saytına müsahibəsi
 
– Ölkəmizə xoş gəlmisiz. İlkin təəssüratlarınız necədi?
– Çox sağ olun. Bura xoşuma gəldi. Məni yaxşı qarşıladılar.
 
– AZAL-a keçidiniz necə baş tutdu?
– AZAL mənimlə maraqlanırdı. Sonra menecerimlə əlaqə yaratdılar. O da mənə xəbər etdi ki, Azərbaycanda belə bir komanda var və səninlə maraqlanır. Əgər istəsən, danışa bilərik. Danışdıq və razılığa gəldik.
 
– Azərbaycan haqqında əvvəlcədən nəsə bilirdiz?
– Təbii ki, məlumatım var idi. Axı biz qonşu ölkələrdə yaşayırıq.
 
– Bəs futbolumuz barədə nəsə bilirdiz?
– Bilirdim. Çünki Antalyada təlim məşq toplanışında “Vit Goergia” komandasının heyətində “Qarabağ”a qarşı oynamışdım.
 
– Azərbaycan Premyer Liqası ilə maraqlanırdız?
– Maraqlanırdım. Ümumiyyətlə milli komandanın oyunları, Premyer Liqanızdakı rəqabətdən xəbərim var idi. Buradakı komandalar arasında rəqabət çox güclüdü. Maraqlı oyunlar çox olur. Lider hər tur dəyişir və bu Azərbaycan çempionatındakı rəqabətdən xəbər verir.
 
– AZAL-ın heyətinə cəlb olunandan sonra ilk iki oyunda meydana çıxmaq şansı qazandınız…
– Əlbəttə, bunun üçün sevinə bilərəm ki, gəldiyim ilk günlərdə meydana çıxdım.
 
– Amma komandanız heç bir oyunda qələbə qazana bilmədi…
– Hər iki oyunda biz rəqiblərimizdən yaxşı oynadıq. “İnter”ə qarşı yaxşı oyun keçirdik. Amma rəqibimiz cərimə zərbəsindən vurulan mükəmməl qolla qalib gəldi. “Sumqayıt”a qarşı da yaxşı oynadıq. Sadəcə, oyunun sonunda qapımıza verilən penalti 3 xalımızı əlimizdən aldı. Hər iki oyunda standart vəziyyətlərə görə məğlub olmuşuq.
 
– “Sumqayıt”ı məğlub edə bilmədiyiniz üçün, yəqin ki, çox üzüldüz. Çünki rəqibiniz autsayder idi…
– Onlarla oyunda sadəcə, bəxtimiz gətirmədi. 88-ci dəqiqədə qapımıza penalti verildi. Amma oyun baxımından götürsək, biz onları məğluyb etməli idik. Çünki üstün idik.
 
– Komandada indi ab-hava necədi?
– Düzdü, yaxşı nəticə olmadı. Amma ümumilikdə ab-hava normaldı.
 
– Sizcə, hansı komandalar çempionluq uğrunda sona qədər mübarizə aparacaq?
– Bütün komandalar güclüdü. İlk 6 komanda hamısı çempionluq üçün döyüşür. Əslində, 10 komandanın heç birini bu yarışdan silmək olmaz.
 
– Buradakı yerlilərinizlə əvvəlcədən münasibətiniz var idi?
– Bəli, münasibətlərim var idi. Onlarla indi də münasibətlərim yaxşıdı.
 
– “Sumqayıt”la oyundan sonra hakimlərdən narazı idiniz. Premyer Liqamızdakı hakimlərin səviyyəsi necədi?
– “Sumqayıt”la oyunda hakim penalti verməyə bilərdi. Həmin qərarla heç kim razılaşa bilməz. Axı elə epizodda penalti təyin etmək düzgün deyildi.
 
– Sabah “Qarabağ”la üz-üzə gələcəksiz…
– “Qarabağ” çox güclü komandadı. Onlara qarşı yaxşı hazırlaşmaq lazımdı. Biz bu oyununun əhəmiyyətini dərk edirik. Rəqibimiz nə qədər çətin olsa da, biz çəkinmirik və 3 xal qazanmaq üçün oynayacağıq.
 
ELSEVƏR
Shares: