Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Simurq" doğma azarkeşlər önündə "İnter"ə 0:1 hesabı ilə məğlub oldu. Futbolinfo.az xəbər verir ki, qonaq komandanın əsas heyət oyunçularından olan Vaqif Cavadov və Brüs Abdulaye sarı vərəqə limitini doludurduqları üçün bu qarşılaşmada komandasına kömək edə bilmədi.
 
"Rəvan" ilə matçda Vaqif Cavadov qeyri-idman hərəkətinə görə sarı vərəqə almışdısa, Brüs Abdulaye oyunu idarə edən hakimin güdazına gedib. Belə ki, "Rəvan" və "İnter" qarşılaşmasını idarə edən Rauf Cabbarov protokolda səhvə yol verib. "Bankirlər"in baş məşqçisi Kaxaber Sxadadze bu gün saytımıza verdiyi açıqlamada məsələyə belə aydınlıq gətirib:
 
"Biz oyunun videoyazısına bir neçə dəfə baxmışıq. Brüs Abdulayenin orada sarı vərəqə aldığı görünmür. Heç kim onun sarı vərəqə almasını belə görməyib. Protokola baxdıqda isə təəccübləndim. Hətta həmin oyunda Ruslan Əmircanova nəyə görə sarı vərəqə göstərildiyi də məlum deyil. Oyunun videoyazısına siz də baxa bilərsiz. Baxın görün hanası epizodda Abdulaye sarı vərəqə alıb?"
 
EMİN SƏFƏROV, ZAQATALA
Shares: