“Neftçi”nin yarımmüdafiəçisi Flavinyonun futbolinfo.az saytına müsahibəsi
 
– “Xəzər Lənkəran”la oyun haqqında nə deyə bilərsiz?
– Bizim bu oyunu qazanmaq üçün yaxşı şanslarımız var idi. Oyuna yaxşı başladıq. 2:0 hesabı ilə üstün idik. Lakin oyunun sonlarına yaxın rahatlaşdıq. Lənkəranda oynamaq çətindi. Onların çox güclü azarkeşləri var. Belə oyunlarda gərək sona qədər döyüşəsən.
 
– Sizcə, hesabın bərabərləşməsində azarkeşlərin rolu oldu?
– Lənkəranda oynamaq mənim çox xoşuma gəlir. Çünki onların əla fanatları var. Orada futbolu sevirlər. Əlbəttə ki, oyuna azarkeşlərin təsiri oldu. Biz xal itirdik. İnanıram ki, itirilmiş xallarımızı qarşıdakı oyunlarda qaytaracağıq.
 
– “Neftçi” hakimlikdən narazı qaldı. Siz də eyni fikirdəsiz?
– Bəli, narazıyam. Baş məşqçimiz də dedi ki, o hakimin bizimlə nəsə problemi var. Mən də həmin fikirlərə qatılıram. Sanki “Neftçi” Rəhim Həsənovu narahat edir.
 
– “Xəzər Lənkəran”ı bir komanda kimi necə dəyərləndirərdiz. Sizinlə matçda necə çıxış etdilər?
– İndi daha yaxşıdılar. Premyer Liqanın birinci yarısında zəif çıxış edirdilər. Amma indi dəyişikliklər var. Həm yaxşı yerli futbolçuları, həm də yaxşı legionerləri var. Görünür, təzə gələn futbolçular komandaya güc qatıb. Biz hesabı 2:0 etdikdən sonra oyun sakit gedirdi. Amma son 10 dəqiqədə “Xəzər Lənkəran” çox güclü təzyiq etdi və nəticədə hesab bərabərləşdi.
 
– Mahir Şükürov Lənkəranda söyüşlərə “qonaq edildi”…
– Bu, yaxşı hal deyil. Biz təkcə Lənkəranda yox, digər oyunlarda da belə halla üzləşmişik. Amma iananıram ki, qarşıdakı oyunlarda belə hallar təkrarlanmayacaq.
 
– “Böyük oyunlar”da azarkeşlər həbs olunur. Məsələn, avqustda keçirilən oyundan sonra həbs olunan azarkeşlərə hökm oxunub və onlar azadlıqdan məhrum ediliblər. Belə hallar futbolçulara təsir edirmi?
– Braziliyada da belə hallar olur. Əzəli rəqiblərin oyunlarında azarkeşlər tutulur. Bu, çox kədərlidi və belə şeylər futbola da təsir edir. Azarkeşsiz futbol olmaz. Həm də azarkeşlər komandaları ilə birgə mübarizə aparmalıdılar. Yəni komandalarına dəstək versələr, daha yaxşı olar. Kənar amillərdən uzaq olmalıdılar.
 
– İntizam Komitəsi “Neftçi”yə sərt cəzalar verdi. Bu qərarlarla razılaşırsız?
– Bu barədə danışmaq bir az çətindi. Mən oyunda bir şey görmədim. Amma meydanda olan bəzi şeylər var idi ki, artıq idi. Bütün bunlar “Neftçi”yə mənfi təsir edəcək. Bir neçə oyun aparıcı futbolçularımızın xidmətindən məhrum olacağıq.
 
– Bruno Bertucççi və Karlos Kardoso Ağabala Ramazanova yumruq atdı. Sizcə, bunlar komandanıza lazım idi?
– Həm Bertuççi, həm də Kardoso bu cəzalara görə üzülürlər. Oyunda əsəbi olanda bəzən belə hallar olur. Onlar da bu cəzalara görə çox üzgündülər.
 
– Bu tur “Bakı” ilə qarşılaşacaqsız. Qələbə qazana biləcəksiz?
– Bəli, qələbə qazanmaq haqqında düşünəcəyik. “Neftçi” hər nə olursa-olsun, adına layiq oynamalıdı. Cəzalılarımız var. Amma onları əvəzləyəcək futbolçular da var.
 
– Komandanız məğlub olsa, bunda əsas günahkar cəzalıları saymaq olar?
– Denis Silva, İqor Mitreski, Elvin Yunuszadə kimi müdafiədə oynayacaq futbolçularımız var. Komandamızda futbolçu baxımından problem olmayacaq. “Bakı” güclü komandadı. Onlara qarşı oynamaq çətin olsa da, biz qalibiyyət haqqında fikirləşirik. Heç kimi günahkar saymaq olmaz. Çünki cəzalı olan futbolçularmız da istəməzdi ki, belə olsun.
 
ELSEVƏR
Shares: