"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyevin futbolinfo.az saytına müsahibəsi
 
– "Xəzər Lənkəran"la qarşılaşmaya tam hazırsız?
– Normal hazırlaşmışıq. "Xəzər Lənkəran" ciddi rəqibdi. Lakin biz iddiamızı davam etdirmək üçün mütləq qələbə qazanmalıyıq. Mən sarı vərəqə limitini doldurduğum üçün bu oyunu buraxmalı olacam. Ancaq çox istəyərdim ki, bu oyunda meydana çıxım, liderliyimizi davam etdirək.
 
– Cəzalı olmasaydınız, keçmiş komandanıza qarşı necə mübarizə aparardız?
– Bu, futboldu, bizim işimiz də meydana çıxıb komandamızın qələbəsinə nail olmaqdı. Bu gün "Qəbələ"dəyəm və bunu düşünməliyəm. "Xəzər Lənkəran" da mənim komandamdı. Nə qədər ki, sağam, komandam olaraq da qalacaq. Hamımız Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Biz futbolçular bu gün burdayıq, sabah başqa komandada. Lakin hansı komandada olmağımdan asılı olmayaraq, şərəflə oynamağa çalışmışam. Meydanda olmamağım heç nəyi dəyişmir. Tribuna da olsam da, "Qəbələ"ni dəstəkləyəcəm. Komanda oyunu və "Qəbələ"dən qələbə gözləyirəm.
 
– İlk dövrədəki oyunda "ağ-yaşıllar"ın heyətində "Qəbələ"yə məğlub oldunuz. 2-ci dövrədəki oyunda meydanda olmadınız. İndi də meydanda olmayacaqsız…
– Çox istəyərdim ki, oynayım. Kənardan oyunu izləmək həyəcanlıdı. Bu meydan, bu da şeytan. Kim güclüdüsə, o da qələbə qazansın.
 
– "Xəzər Lənkəran" azarkeşləri artıq Elnur Allahverdiyevi sevmir. Niyə?
– Hər insanın öz fikri var. Ola bilər ki, onların məndən xoşu gəlmir. Mən həmişə meydanda mübarizliyimlə seçilmişəm. Çalışmışam oyunumla komandama dəstək verim. Lakin heç bir futbolçu deyə bilməz ki, ona qarşı meydanda azarkeş təzyiqi olmayıb. Futbolçunu söymək olmaz. Biz azərbaycanlıyıq və azarkeşlərə görə oynayırıq. Onlar bizə dəstək olmalıdı. Bizim futbol inkişaf dövrünü yaşayır. Belə bir vaxtda futbolçuları təhqir etmək lazım deyil.
 
– "Xəzər Lənkəran" nə demək istərdiz?
– "Xəzər Lənkəran" fanatları həmişə yaxşı olub, yaxşı tanınıb. İstəyərdim ki, məni oyunda dəstəkləsinlər, mən də onların səsinə səs verim. Mən 4 ilimi Lənkəranda görmüşəm. Çox yaxşı insanlar tanımışam. "Xəzər Lənkəran" azarkeşi kimi azarkeş görməmişəm. Onlara həmişə güclü azarkeş kimi yadda qalmağı arzu edərdim.
 
– Sonuncu turda "Qarabağ"a məğlub oldunuz. Buna nə səbəb oldu?
– Nə deyə bilərəm ki? Vacib oyunlardan biri idi. "Qarabağ" da çempionluğa iddialıdı və ən yüksək pillədə qərarlaşıb. Onlar bu oyuna çox ciddi hazırlaşmışdı. Düzdü, biz də ciddi hazırlaşmışdıq. Amma məğlub olduq. Hələ qarşıda oyunlarımız var və məğlubiyyətdən dərs çıxarmaq lazımdı. "Xəzər Lənkəran"la oyuna ciddi yanaşmaq lazımdı.
 
– Komandanın yeni transferləri Kamran Ağayev və Marat İzmaylov da start heyətində yer almışdı. Ağayev özünü göstərsə də, İzmaylov komandaya lazım olanı verə bilmədi…
– İzmaylov hələ uyğunlaşma dövrü keçir. Portuqaliya çempionatında oynayıb, yaxşı futbolçudu, meydanda öz sözünü deməyə qadir biridi. Onu da başa düşmək lazımdı ki, çoxdandı oynamır. Lakin bizim kollektiv onun formasına qayıdaraq uğur qazanacağına inanır.
 
– "Qarabağ" məğlubiyyətindən sonra liderliyi əldən verdiniz. Yenidən qızıl pilləyə qalxmaq mümkün olacaq?
– Biz əlimizdən gələni edəcəyik. Bu, futboldu, hər şey ola bilər. Ancaq məğlubiyyət də olmalıdı ki, qələbənin dadını biləsən.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: