Türkiyənin tanınmış idman yazarı, “Əl-Cezire Türkiyə”nin idman müdiri Barış Kuyucu “Qarabağ” klubu haqqında maraqlı yazı qələmə alıb. Futbolinfo.az saytı sizə həmin yazının tərcümə olunmuş versiyasını təqdim edir:
 
"Bir çox futbolsevərlər onları keçən il UEFA Avropa Liqasında İtaliya “İnter”i ilə qarşılaşmada təmiz qolu sayılmayan və bəxtsiz bir şəkildə mübarizəni dayandıran azəri komandası olaraq tanıyır. Halbuki, “Qarabağ”ın hekayəsi çox əvvələrə dayanır. Filmlərə, sənədli filmlərə mövzu olan ağrılarla dolu, amma etdikləri ilə də ilham verən bir hekayə…
 
Qarabağın ermənilər tərəfindən işğalından sonra matçlarını Ağdam yerinə, başqa şəhərlərdə oynamaq məcburiyyətində qalan 'Qaçqınlar' ləqəbli "Qarabağ" klubu Azərbaycanda bir futbol komandasından daha böyük məna daşıyır.
 
Ağdamın ermənilər tərəfindən işğal edildiyi 1993-cü ildə gözləniləmədən ölkə çempionluğunu, həm də ölkə kubokunu qazandılar. Ağdamlıların qüruru, qazandığı Azərbaycan çempionluğunu qeyd etməyə belə macal tapa bilmədi. Çünki müharibə onların bütün xoşbəxtliklərini yerlə bir etmişdi.
“Qarabağ” Ağdamdakı satdionu – “İmarət”, bombardman nəticəsində tamamilə məhv oldu. Oyunçularının bir qisimi hərbi xidmətə yazıldı. 55 illik klub stadionsuz qaldı və qarşılaşmalarını müxtəlif rayonlarda oynamağa başladı. Yaşanan bu qədər çətinliyə baxmayaraq, komanda çempionatda mübarizə aparmağa heç vaxt ara vermədi.
Kənd təsərrüfatı məhsullarının ticarəti və tikinti sektorlarında bir çox müəssisələrə sahib olan “Azərsun” şirkəti, 2001-ci ildə komandaya sponsor olub, onların Bakıda məskunlaşmasını təmin etdi.
Bu sponsorluq komandanın taleyini dəyişdirdi. Uşaq futboluna böyük investisiya qoyuldu və “Qarabağ”ın ölkə futbolu üçün həssaslığını anlayanlar komandaya qazandırıldı. Bu dəyişikliklərdən ən önəmlisi Serpil Hamdi Tüzün kimi bir futbol mütəxəssisinin komandaya transferi oldu. “Beşiktaş”a Mətin Təkin, Fəyyaz Uçar, Ali Gültikən və Sərgən Yalçın kimi Türkiyə futboluna bir çox uğurlar qazandıran Serpil Hamdi Tüzün 2004-cü ildən etibarən “Qarabağ” üçün gənc futbolçular yetişdirməyə başladı. Bir il Azərbaycanda qalan təcrübəli məşqçi həmişə komandaya dəstək verməyə davam etdi.
Komandanın ən böyük üstünlüklərindən biri də 90-cı illərin əvvəlindən Azərbaycanda yaşayan ankaralı iş adamı Tahir Gözəldi. İntellektual səviyyəsi ilə Türkiyə liqasındakı klub prezidenti görünüşündən çox üstün olan Gözəl mütləq uğur yerinə, mütləq sevgi, komandadakı birlik və “Qarabağ” ruhunun arxasına düşüb: "Məqsədimiz çempionluqdan çox hər kəsin sevdiyi və azarkeşlik etdiyi komanda olmaqdı. Azərbaycanlıların Qarabağ ağrısı və həsrəti bu komanda ilə dinsin istədik. Bu kollektiv çox əziyyətlər çəkib. Qarabağın adını yaşatmaq hamısından əhəmiyyətlidi. Hazırda Azərbaycanda ən çox sevilən və dəstəklənən komanda “Qarabağdı”.
65 matçda vurduğu 13 qolla (Əslində 14 qol vurub) Azərbaycan milli komandasının tarixində ən çox qol vuran oyunçu olan Qurban Qurbanov 2008-ci ildən bəri komandanın baş məşqçisidi. Qurbanov 21 il sonra komandaya 2-ci dəfə ölkə çempionluğunu qazandırıb. Bu il də ardıcıl 2-ci, ümumilikdə isə 3-cü çempionluğa doğru irəliləyirlər. Həftə sonu Azərbaycan derbisində əzəli və tarixi rəqibi “Neftçi”ni 3:2 hesabı ilə məğlub edərək, sona 5 tur qalmış liderliklərini qorudular.
Maçı bir yerdə izləmək şansı qazandığım Azərbaycan yığmasının baş məqşçisi Robert Prosinecki də “Qarabağ”ın Azərbaycan çempionatının səviyyəsindən üstün bir komanda olduğunu bildirdi. “Real” və “Barselona”nın şərəfini qoruyan və keçən ilin əvvəlinə qədər “Kayserispor”a rəhbərlik edən xorvat mütəxəssis: "Onlardakı komanda oyunu heç bir komandada yoxdu. Ölkə futbolunun standartlarını qaldırırlar. Milli komandaya futbolçu qazandırırlar. Uğurlarını təqdir etməmək mümkün deyil" sözlərini dedi.
"Qarabağ" kimi, ölkənin bir çox idman növündə də böyük sürətlə inkişaf gedir. Keçən il Avropada “Qarabağ”la özündən müvəffəqiyyətlə söz etdirən Azərbaycan iyunda ilki reallaşdırılacaq olan Avropa Oyunları ilə dəyişən və inkişaf edən ölkələrini bir daha bütün dünyaya göstərmək istəyir. Almaniyanın Münhen şəhərində yerləşən və rəngdən-rəngə keçə bilən “Alianz Arena”ya çox bənzəyən möhtəşəm bir stadion və əla olimpik bazalar avropalı idmançıları və mətbuat nümayəndələrini gözləyir.
İyun ayının da “Qarabağ” üçün ayrı bir önəmi var. 22 ildi səfərdə oynayan, və oynadıqları meydançaları başqa komandalarla paylaşmaq məcburiyyətində olan komanda sponsorları “Azərsun”un tikdirdiyi yeni bir stadiona qovuşur. 5 min 800 nəfərlik müasir stadion, 9 ay kimi çox qısa bir müddətdə başa çatma mərhələsinə gəlib. Böyük Avropa klublarının sahib olduğu diqqət və keyfiyyətdə olan baza indidən komandanın xidmətindədi.
Bu komanda başına gələnləri, uğurları, rəhbərliyi, bazaları və xəyalları ilə özünü sevdirir. Türkiyə Superliqasının gərginliyindən sıxılan fanatlar artıq alternativsiz deyil. Mənim, sizin, hamımızın komandası olmağı layiq deyilmi  “Qarabağ”?
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp