AFFA “quşqoyma” iclasını keçirdi. İcraiyyə Komitəsinin videokonfrans formatında təşkil olunan bugünkü tədbirinin başqa təsviri yoxdu. Açıqlanan qərarlardan görünür ki, gözdən pərdə asmaq naminə iclas keçirilib.

İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elxan Məmmədov, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Fərid Mansurov və Könül Mehdiyeva iştirak ediblər. Kazbek Tuayev, Rauf Əliyev və İsgəndər Cavadovun hansı səbəbdən müzakirələrə qatılmadığı açıqlanmır.

İK-nın iclasını Ali Baş Komandanın ad gününə salmaqla “uzaqgörən siyasət”ə əl atan AFFA rəhbərliyinin açıqlamaları günahlara görə əfv diləməyə oxşayır. Rövnəq Abdullayevin “Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun” deməsi də maraqlıdı. Təəssüf ki, AFFA prezidenti qələbə ab-havasına rəhbərlik etdiyi qurumun verdiyi töhfələri sadalaya bilməyib. Çünki uçurumun dibinə yuvarlatdıqları bu sahədə öyünmək üçün heç nə yoxdu.

Qərarlara gəlincə, 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydaları təsdiq olunub. Həmin qaydaları İK üzvlərinin necə incələdiyini, nələrə qərar verdiyini yaxın günlərdə biləcəyik. Lisenziyalaşdırma qaydaları rəsmi saytda dərc olunduqdan və ya klublara göndərildikdən sonra onlara bizim də diqqət yetirmək imkanımız olacaq. Belədə sənədə diqqət yetirib, hansı məqsədli yeniliklərin olduğunu biləcək, oxucularla bölüşəcəyik.

İK müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsini qarşılıqlı razılıq əsasında uzadıb (məşqçilərin yaş qruplarında fəaliyyəti pandemiya ilə əlaqədar UEFA tərəfindən müxtəlif turnirlərin ləğv olunması və ya təxirə salınması barədə qərarlara müvafiq şəkildə tənzimlənəcək və müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək). Beləcə Milan Obradoviç, Samir Əliyev, Elxan Abdullayev, Miloş Velebit və Aqil Nəbiyev işinə davam edəcək. Halbuki onlardan hesabat alınması barədə heç bir qeyd yoxdu. Eləcə də əsas komandanın baş məqçisi Canni de Byazinin Millətlər Liqasının yekunu ilə bağlı hesabatını, ümumiyyətlə, bu məsələnin müzakirəsini lazım bilməyən komitənin iclasını “iclas xatirinə iclas” saya bilərik.

AFFA-nın növbəti Konfransının 2021-ci il yanvarın sonu-fevralın əvvəlinə təyin olunması gözlənilən idi. Amma tədbirin videokonfrans formatında təşkili qəribədi. Görünür, AFFA Vanqadan gələcəklə bağlı proqnoz alıb. Sərt karantin rejiminin yanvarın ortasında bitəcəyini bilə-bilə daha sonrakı tarixdə canlı tədbir keçirməməyə qərar verilməsinin başqa izahı yoxdu.

Gündəlikdə nəzərdə tutulan “Digər məsələlər” bəndinin yaddan çıxması da İK üzvlərinin səmimiliyinə şübhə yaradır. Deməli, bu insanlara ölkə futbolunun problemləri maraqlı deyil, onları heç müzakirə də etmədilər. Sadəcə, özləri üçün xüsusi əhəmiyyət daşıyan rəsmi məsələlərə münasibət bildirib, dağılışdılar. İflic olmuş liqaların, pandemiyadan əziyyət çəkən insanların durumu kreslo bəylərinin vecinə olmadı. Eyni zamanda Hakimlər Komitəsinin müqaviləsi bitmiş sədri Frits Stuxliki yaddan çıxardılar.

Beləliklə, bu iclası məmurların bir-biri ilə “video hal-əhval tutması” kimi qiymətləndirmək olar. Ölkə futbolunun taleyüklü məsələləri unuduldu, içraçı vitse-prezident Elxan Məmmədovun ssenarisi ilə növbəti təsdiqləmə əməliyyatları reallaşdı. AFFA ad günü təbriki ilə baş qatıb, yaratdıqları, həll edə bilmədikləri problemlərin üstünü örtməyə, diqqətdən yayındırmağa çalışdı. Bu iclasa “bir quş”…

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp