Böyük futbol zarafatı sevmir, qəbul etmir, dərhal bumeranq effekti özünü göstərir. Futbolda mütləq qaliblər olmur, məğlubiyyətlər də qaçılmazdır. Uğursuzluqların kökündə nələrin dayanması önəmlidir. Bunlar araşdırılmadan sabaha futbol ümidinin yaranması mümkünsüzdür.

Ölkə futbolunda obyektiv tənqid/təhlillərlə yanaşı, cüzi də olsa, müsbət addımlara pozitiv baxır, bölgələrimiz adına dəstəyimizi əsirgəmirik. Şamaxıya futbolun qayıtması ideyasına da münasibət bildirmişik, fikirlərimizi əsaslandırmışıq.

Hər bir başlanğıcda niyyətlə yanaşı peşəkar addımlar mütləqdir. “Keşlə”nin ad dəyişməsi, sənədləşmə işləri, “Şamaxı”ya çevrilməsi zaman aldı. Vaxtla yanaşı məsələlərin operativ həll edilməsi, çempionat bitmədən komandanın  Şamaxıda çıxış etməsinin haralardan qaynaqlandığını, gəldiyini göstərir…

Təşkilati işlərlə birgə klub idarəetməsində, komandada peşəkarlığa söykənən əhatəli addımların atılması, futbol ictimaiyyətinə dolğun məlumatların verilməsi zərurəti yaranırdı. Yeni şəraitə uyğun “Şamaxı” “Keşlə” kimi idarə oluna bilməzdi artıq! Klubda islahatlar aparılmalı, strateji inkişaf planı hazırlanmalı idi… Qərarın qəbul edilməsindən bu yana vaxt yetərincə idi. Kosmetik işlər köklü inkişafa aparacaq yolu əvəz edə bilməz!

Tək ad dəyişməklə bölgə futbolunun dirçəlməsinə inanmaq sadəlövhlükdür. Klub AFFA xətti ilə maliyyələşir və ayrılan vəsait dövlətin, xalqın puludur. “Şamaxı” şəxsi prinsiplərlə idarə edilməməlidir!

Şamaxıda “Neftçi” ilə açılış oyunu onu göstərdi ki, şəhərdə futbolu çox sevirlər. Bunu öncədən də təhlil edib bildirmişdik. Stadionun tutumu az olsa da, dolu tribunalar “Şamaxı” adına möhtəşəm dəstək verdilər. Səlahiyyətlilərin matç sonrakı açıqlamaları isə onu göstərdi ki, “Şamaxı”nın adından, stadion, azarkeşlərindən başqa Şamaxıya faktiki, psixoloji, mənəvi olaraq da heç bir bağlılığı yoxdur.

Növbəti tur, “Qarabağ”a acınacaqlı, qəbulolunmaz məğlubiyyət durumun hansı vəziyyətdə olduğunu əyani olaraq sübut etdi. Şamaxıda azarkeşlərin emosional, çılğın dəstəyi ilə komandanın gücü bir hissəyə yetdisə, Suraxanıda ilk yarı tam əksini göstərdi. Ruhsuz, sabahına, gələcəyinə inanmayan komanda…

Təəccüblü deyil, Bakıda rahat həyatını sürən, heç bir məsuliyyət daşımayan klub/komanda özünü ruhən “Şamaxı” saymır… Mövcud yanaşma ilə sayması da mümkün deyil. Klubdaxili inamsızlıq, pərakəndəlik açıq sezilir…

Nəticələrə heç bir məsuliyyət daşımasaq da, “Şamaxı” adına 0:8-lik məğlubiyyət mənəvi olaraq təsirsiz ötüşmədi. Bir şamaxılı kimi rəqib qapılarından 7-8 qolun vurulmasına alışmışıq, dəyərli, unudulmaz idarəçi dostlarımızla, məşqçi-futbolçularımızla birgə nəticələri təmin etmişik. Şamaxı, şamaxılılar böyük futbolun, idmanın  incəliklərini gözəl bilirlər və acı, yolverilməz məğlubiyyətləri heç vaxt qəbul etməzlər!

Şirvanşahlar ocağı hər zaman öz mənəvi dəyərlərini qoruyub! “Şamaxı” qədim, tarixi paytaxtı layiqincə təmsil etməlidir! Əksi baş verəcəksə, o komandanın Şamaxıya, şamaxılılara heç bir aidiyyatı olmaz!

TAHİR SÜLEYMANOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp