“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox yaxşı və məzmunlu oyun alındı. Yaxşı hücumlardan sonra baxımlı qollar vuruldu. Sadəcə, ikinci hissənin əvvəlləri xoşuma gəlmədi. Buna baxmayaraq, tədricən nəzarəti ələ alıb oyunu sakitləşdirə bildik və bizə lazım olan daha 2 qol vurduq.

“Şamaxı”da bir neçə gün öncə baş məşqçi dəyişikliyi olduğu üçün rəqibin necə oynayacağından məlumatsız idim. Yeni mütəxəssis əvəzedici komandadan gəlib, oyun ərzində 2 fərqli sxemdən istifadə etdi. Məmnunam ki, buna tez reaksiya verdik və azarkeşlərimizi sevindirdik”.

“Şamaxı”da baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev isə bu cür məğlubiyyət gözləmədiyini söyləyib: “Düzdür, bu posta 1 həftədir təyinat almışam. Futbolçularla söhbətimiz oldu. Məşqlərdə canla-başla çalışırdılar. Qələbə, ən azı heç-heçə gözləyirdik. Bu cür məğlubiyyət acıdır. Rəqib həqiqətən yaxşı komandadır. Murad Musayevin gəlişindən sonra böyük dəyişiklik olub. Artıq avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Hər şey göz qabağındadır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp