“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə son turda “Turan Tovuz”la keçirdiyiniz oyundan başlayaq. Rəqib autsayderlər qrupunda qərarlaşsa da, səfərdə 8:0 hesablı qələbəniz gözlənilməz oldu…

– “Turan Tovuz”un öz ənənələri var, yaxşı komandadır. Düzdür, bu gün turnir cədvəlinin alt pillələrində qərarlaşıblar. Buna baxmayaraq, həmişə futbolçularımızdan tələb edirik ki, turnir cədvəlinə baxmasınlar, çünki biz “Neftçi”yik. “Neftçi” ilə “Turan Tovuz” arasındakı oyunlara həmişə böyük maraq olur. Belə görüşlərdə səfərdə azarkeş təzyiqi ilə üzləşirsən. Çalışdıq ki, bunun öhdəsindən gələk. Xal itirmək istəmirdik. Yaxşı oyun keçirdik, çoxlu qol epizodları yaratdıq. Vurduğumuz qollar, qurduğumuz hücumlar, komandamızın müdafiədə kompakt oynaması, rəqibə qol imkanı verməməsi bizi sevindirir. Yaxşı hesabla qələbə qazandıq. Rəqib bizə müqavimət göstərməyə çalışdı. Amma bizim uşaqlar oyuna, doğrudan da yaxşı köklənmişdilər. Bunun üçün onlarla çox danışmışdıq. Çünki nəticə heç də həmişə turnir cədvəlinə görə olmur. Olur ki, aşağıda gedən komanda səndən xal alır. Bu halı yaşamaq istəmirdik. Hesabın böyük olması bizi sevindirdi. Çünki top fərqini də artırmaq istəyirdik. Turnir cədvəlində ilk pillədə qalmaq üçün bu qələbə bizə vacib idi.

– Çempionatda keçirdiyiniz 8 oyundan 7-də qələbə qazanmısınız və aktivinizdə 21 xal var. Mövsüm başlamamışdan öncə ilk dövrə ərzində neçə xal qazanacağınızı ehtimal edirdiniz?

– Bilirsiniz ki, keçən il I Divizionda oynayırdıq. Ötən mövsüm “Araz-Naxçıvan”dan sonra 2-ci yeri tutduq. “Araz-Naxçıvan” daha təcrübəli idi, futbolçuları yaşca böyük idilər. Bizimkilər isə gənclər idi. Komandamızda hətta 15-16 yaşlı futbolçular oynayırdı. Ən böyük futbolçumuz 20-21 yaşında idi. Bununla belə, yaxşı nəticə göstərə bildik. Bu il də buna çalışırıq. Həmişə futbolçularıma demişəm ki, turnir cədvəlinə baxmayaq. Biz işimizi gördükcə, qələbələr qazandıqca istədiyimiz yerə gəlib çatacağıq. Zirvədə qalmaq daha çətindir. Turnir cədvəlində ilk pilləyə qalxandan sonra iş daha da çətinləşir. Çünki rəqiblər ilk pillədə gedən komanda ilə oyuna xüsusi motivasiya ilə hazırlaşırlar, onu düzgün analiz etməyə çalışırlar və liderlə oyunda qapanmağa başlayırlar.

– Bu mövsüm əvəzedicilərin çempionatı I Liqadan ayrıldı. Yəqin ki, bu qərardan siz də razı qaldınız…

– Əvəzedicilərin çempionatının I Diviziondan ayrılması yaxşı oldu. Mən futbol oynayan vaxtlarda da əvəzedicilərin çempionatı ayrıca keçirilirdi. Keçənilki Divizionun da öz marağı var idi. Çünki orada komandamız yaşca böyük futbolçulara qarşı oynayırdı. Amma əvəzedicilərin liqasının ayrı olması daha maraqlıdır. Burada artıq güc bərabərləşir.

– Növbəti turda “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşacaqsınız. Bu görüşdən də qələbə ilə ayrıla biləcəksiniz?

– Birinci dövrənin son turudur. Çalışacağıq ki, qələbə seriyasını “Qarabağ”la oyunda da davam etdirək. “Neftçi” – “Qarabağ” matçları derbi sayılır. “Qarabağ”la oyunlarımız həmişə gərgin mübarizə şəraitində keçir. Komandanı bu oyuna yaxşı kökləməyə çalışacağıq. Öz meydanımızda qələbə qazanmaq və ilk pillədəki yerimizi qorumaq istəyirik.

– “Neftçi” rəhbərliyi tərəfindən qarşınıza konkret olaraq çempionluq tapşırığı qoyulub? Yoxsa sizdən daha çox əsas komandaya futbolçu vermək tələb olunur?

– İlk növbədə çalışırıq ki, əsas komandaya layiq oyunçular yetişdirək. Məqsədimiz budur. Daha çox bunun üzərində işləyirik. Qarşımıza konkret çempionluq məqsədi qoyulmayıb. Amma çalışırıq ki, “Neftçi”nin adına layiq nəticəyə imza ataq, futbolçularımızda qələbə ruhunu, əzmkarlığı qoruyub saxlayaq. Özüm “Neftçi”də uzun illər futbol oynamışam, çempionluqlar qazanmışam. Mən bu komandanın dəyərini bilirəm. “Neftçi”də oynamaq hər bir futbolçu üçün qürurdur.

– Məşqçi kimi tezliklə böyük futbolda işləməyi qarşınıza məqsəd qoymusunuzmu?

– Bu gün məşqçi kimi “Neftçi”də fəaliyyət göstərirəm, artıq 7 ildir buradayam. Başqa komandalardan təkliflərim var idi. Özüm belə seçim etdim ki, əvəzedici komandada işimi davam etdirim. Premyer Liqa klublarından təkliflər gələcəkdə də ola bilər. Təcrübəmi artırmaq istəyirəm. Buna görə də hələ gənclərlə işləməyə üstünlük verirəm. Bu gün Azərbaycanda yeni futbolçu nəsli yetişdirmək lazımdır. Bunun üzərində səylə çalışırıq.

– Qarşıdan yığma komandamızın Estoniya və Avstriya ilə oyunları gəlir. Sabiq milli üzvü olaraq, bu görüşlərdən hansı nəticəni gözləyirsiniz?

– Səfər oyunu olmasına baxmayaraq, Estoniya ilə matçda yaxşı nəticə göstərmək olar. Komandamızın buna gücü çatar, çünki Estoniya dişimizə görə rəqibdir. Hamımız istəyirik ki, milli komandamız müsbət nəticəyə imza atsın. Futbolçularımızın hazırkı durumu estonlarla səfər görüşündə yaxşı nəticə qazanmağa imkan verir. Hazırda legioner həyatı yaşayan oyunçularımız çoxdur. Evdə Avstriyaya qarşı oynamaq da mümkündür. Adətən evdə yığmamız yaxşı çıxış edib. Belçika ilə son matçda da bunun şahidi olduq. Bu mənada Avstriya ilə qarşılaşmada da yaxşı nəticəyə ümid etmək olar.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp