“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya Türkiyəyə köçməyə yaxındır.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, “Fənərbağça” hazırda Serbiyanın “Partizan” klubunun formasını geyinən braziliyalı hücumçunun transferində israrını davam etdirir.

24 yaşlı forvard hətta Serbiyada mövsüm bitər-bitməz rəhbərlikdən icazə alaraq ölkəni tərk edib. O, ötən həftəsonu Türkiyə Superliqasının “Qalatasaray” – “Fənərbağça” (0:1) oyununu da tribunadan izləyib. Bu isə onun “sarı-lacivərlilər”ə keçmək ehtimalını artırır. İddiaya görə, Saldanya səfər zamanı “Fənər” rəsmiləri ilə ilkin danışıq aparıb.

Həmçinin Şotlandiya “Seltik”i də hücumçu ilə maraqlanır. “Partizan” rəhbərliyi isə onun satışından 15 milyon avroluq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mateus Saldanya bu mövsüm “Partizan”ın heyətində 34 oyunda 18 qol vurub, 5 assist edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp