Misli Premyer Liqasında mövsümün son turunda bütün diqqətlər “Neftçi” – “Sabah” oyununa yönələcək.

Futbolinfo.az xəbər verir ki, buna səbəb hər iki komandanın avrokuboklara vəsiqəyə iddia etməsidir və sabahkı qarşılaşmanın nəticəsi birinin yolunu bağlaya bilər.

Bu, tərəflərin ölkə çempionatları çərçivəsində 23-cü dueli olacaq. 2018-ci ildən yaranan rəqabətdə “Neftçi” böyük üstünlüyə malikdir. 13 dəfə rəqibini məğlubiyyətə uğradan “ağ-qaralar” 4 dəfə bərabərə qalıb, 5 görüşdə isə meydanı xalsız tərk edib. Top fərqində də “Neftçi”nin təxminən ikiqat üstünlüyü var – 33:17.

Lakin cari mövsümün ilk üç dövrəsindəki oyunları “flaqman” üçün uğurlu saymaq olmaz. Komanda rəqibi ilə 2 dəfə heç-heçə edib, evdəki ilk matçda isə məğlub olub. Bir sözlə, “Neftçi” düz bir ildir ki, “Sabah”a qalib gələ bilmir. Qəsəbə təmsilçisi axırıncı dəfə ötən ilin mayında rəqibinə uduzub.

Ümumiyyətlə, son 7 qarşılaşmanın yalnız 1-də “Neftçi” aktivinə 3 xal yazdıra bilib. İki halda heç-heçə ilə kifayətlənən “ağ-qaralar” 4 görüşdə isə məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 19:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp