Millimizin Avropa turnesi davam edir. İyunun 7-də Macarıstanda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olan Arif Əsədovun komandası bu dəfə eyni ölkədə Qazaxıstan yığması ilə qarşılaşacaq. Bizə çox yaxşı tanış olan, Xəzərin o tayındakı komanda ilə…
Millətlər Liqasına hazırlaşan millimiz bu rəqibi ilə elə adıçəkilən son turnirində qarşılaşmışdı. Səfərdə onlara 0:2 hesabı ilə uduzmuşdusa, Bakıda əvəzini artıqlaması ilə çıxmışdıq. Amma bizimlə oyuna qədər qazaxlar artıq qrupu lider kimi başa vurmuşdu. Nəticədə Bakıya motivasiyasız gələn Maqomed Adiyevin komandası 0:3 hesablı məğlubiyyətə elə də üzülməmişdi.
Problem orasındadır ki, biz növbəti turnirdə, yəni Avropa çempionatının seçmə mərhələsində yenə də bərbad oynadığımız halda, Qazaxıstan son tura qədər şanslarını davam etdirmişdi. Amma iş elə gətirdi ki, son turda səfərdə Sloveniyaya 1:2 hesbı ilə məğlub olaraq final mərhəsinə yollana bilmədilər. Tərslikdən Millətlər Liqasının yarımfinalında da Yunanıstana 0:5 hesabı ilə uduzub ikinci qapıdan AÇ-yə daxil olmaq imkanını qaçırdılar.
Ardıcıl 2 kritik oyunda uğursuzluq nəticəsində qazaxları bu səviyyəyə qaldıran Adiyev istefa verdi. Rusiyadan gələn məşqçilərdə işıq ucunu görən dəniz qonşularımız ənənəyə saiq qalaraq yenidən şimala müraciət etdilər. Bu dəfə Stanislav Çerçesovu düşərgəyə dəvət etdilər. Ermənistan yığması ilə oyunu kənardan izləyən Stanislav Salamoviç bu dəfə özünə doğma olan ölkədə (“Ferentsvaroş”da işlədiyinə görə) gələcək “tələbələr”inin potensialı ilə tribunadan tanış olacaq. O Çerçesov ki, bir müddət əvvəl şirin dilini işə salaraq millimizdə işləmək istədiyini dolayı yolla etiraf etmişdi. Amma bizdən səs çıxmadığını görüb qazaxların təklifini qəbul etmişdi.
Biz isə hələ də axtarışdayıq, yenə Avropa sevdasındayıq. Avropalı məşqçilərdən bir xeyir götürmədiyimiz halda yenə də onlardan nəsə bir fayda qazanacağımızı düşünürük. Qazaxların gələcək məşqçisi onları izləyəcəyi halda, bizim futbolçular yenə meydana baş məşqçisiz çıxacaq. Hazırda Arif Əsədov yetim qalan uşağın dayəsi kimi vaxt keçirir.
Albaniya millisi ilə oyunda komandamızın problemlər bataqlığında boğulduğunu gördükdən sonra bu dəfəki oyuna ümid bəsləməyə dəymir. Tutaq ki, ermənilər kimi bizimkilər də qazaxları məğlub etdi. Bu bizə nə verəcək? Baş məşqçisi olmayan komandanın hansı perspektivlərindən danışmaq olar? Amma yenə də rəqibi təhlil etmək pis olmazdı. Heç olmasa, reytinq xalımızı yüksəltmək üçün bu görüşdə qələbə qazanmaq lazımdır.
Bizimlə təxminən 2 il əvvəlki oyundan sonra çox da dəyişməyən Qazaxıstan yığmasını yenə də nöqtəbənöqtə təhlil etməyə dəyməz. Həmin iki oyunda qazaxları yetərincə təhlil etmişdik.
Qazaxıstan yığmasını Albaniya millisi ilə müqayisə edərkən bir xüsusi məqama diqqət yetirməyə bilmərik. Albanların bütün oyunçuları legioner həyatı yaşayırdısa, qazaxlar bu mənada nəinki albanlardan, hətta bizdən betərdilər. Təsadüfi deyil ki, hazırda baş məşqçi funksiyasını müvəqqəti yerinə yetirən Ruslan Baltiyev milliyə cəmi 3 legioner futbolçunu cəlb edib. Söhbət müdafiəçilər Nurali Alip (“Zenit”, Rusiya), Aleksandr Zuyev (“Arsenal” Rusiya) və Abat Aymbetovdan (“Adana Dəmirspor” Türkiyə) gedir. Komandanın lideri olan Baxtiyar Zaynutdinov isə zədədən yeni qayıtdığına görə dəvət almayıb. Yəqin ki, “Beşiktaş”ın yarımmüdafiəçisini tanıdınız. Son mövsümdə Baxtyar İstanbul klubunun heyətində 27 oyunda meydana çıxmışdı.
Belə olan vəziyyətdə Qazaxıstan çempionatda çıxış edən futbolçuların özəllilkləri ilə ayrılıqda tanış olmağa ehtiyac yoxdur. Sadəcə “dığalar”la oyunda necə təsir bağışladıqlarına ötəri nəzər salaq. Baltiyev bu oyunda əsasən müdafiəyönümlü oyuna üstünlük verib. Təsadüfi deyil ki, komanda 5-3-2 taktiki sxemi ilə döyüşə atılıb və artıq 4-cü dəqiqədə “Astana”nın yarımmüdafiəçisi Aleksandr Maroçkinin avtoqolu sayəsində hesabda geriyə düşüb (yeri gəlmişkən, Maroçkin Yunanıstanla oyunda da topu öz qapısına göndərmişdi). Qazaxlar 58-ci dəqiqədə qapısında daha bir top görüb. Yalnız 90+6-da “Ordabası”nın yarımmüdafiəçisi Baurjan İslamxan penaltidən təsəlli qoluna imza atıb. Ermənilər görüş ərzində “çərçivə”yə 7, asiyalılar isə 4 zərbə endirib. Qarşıdakı rəqibimiz faiz hesabı ilə topa yiyələnmədə də problem yaşayıb – 45:55.
Oyunun nəzəri təhlilinə gəlincə, qazaxlar bu görüşdə çox ləng təsir bağışladı, ermənilər sürətdə onları üstələdi. Xüsusən də Aleksandr Petrakovun komandası cinahlarda qazaxların əsəbləri ilə oynayırdı. Arif Əsədov buna diqqət ayırmalıdır. Bu görüşdə qalib gəlmək istəyiriksə, rəqibi sürətdə üstələməli və daha çox cinahlara bel bağlamalıyıq. Ermənilərlə oyunda qazaxlar yalnız standart vəziyyətlərdə inamlı təsir bağışladılar. İki dəfə təhlükəli vəziyyət yaratdılar, hər ikisi də künc zərbəsindən sonra oldu. Avtoqol müəllifi Maroçkin bu mənada təhlükəlidir. Künc zərbələrində ona diqqət ayırmaq lazımdır.
Arif Əsədovun başçılığı altında keçirdiyimiz 3 oyunda 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalan millimiz görək bu dəfə balansı nə ilə pozacaq? Ümid edək ki, Əsədov Monqolustan üzərində qələbə ilə başladığı missiyanı Qazaxıstanı yenməklə bitirəcək.
Azərbaycan – Qazaxıstan oyunları tarixdə
08.06.1993. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qazaxıstan (U-21) 3:3
28.04.2004. Almatı. Yoldaşlıq oyunu. Qazaxıstan – Azərbaycan 2:3
06.09.2006. Bakı. AÇ seçmə mərhələ. Azərbaycan – Qazaxıstan 1:1
09.03.2007. Çimkənd. Beynəlxalq turnir. Qazaxıstan – Azərbaycan 1:0
06.06.2007. Almatı. AÇ seçmə mərhələ. Qazaxıstan – Azərbaycan 1:1
03.02.2008. Antalya. Yoldaşlıq oyunu. Azərbaycan – Qazaxıstan 0:0
03.06.2011. Astana. AÇ seçmə mərhələ. Qazaxıstan – Azərbaycan 2:1
06.09.2011. Bakı. AÇ seçmə mərhələ. Azərbaycan – Qazaxıstan 3:2
26.03.2016. Antalya. Yoldaşlıq oyunu. Azərbaycan – Qazaxıstan 0:1
05.06.2018. Astana. Yoldaşlıq oyunu. Qazaxıstan – Azərbaycan 3:0
03.06.2022. Astana. Millətlər Liqası. Qazaxıstan – Azərbaycan 2:0
25.09.2022. Bakı. Millətlər Liqası. Azərbaycan – Qazaxıstan 3:0
FƏRİD
Bu material “Misli”nin dəstəyi ilə hazırlanıb