Yenidən Premyer Liqaya qayıdan “Şamaxı”nın yeni transferlərindən Georgi Kantariya Azərbaycan klubuna keçidini dəyərləndirib.

Gürcüstanlı yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında bu komandanı seçmə səbəbini açıqlayıb.

O, hələ “Kəpəz”də olarkən Azərbaycan çempionatını bəyəndiyini bildirib: “Kəpəz”də oynadığım dövrdə Azərbaycan Premyer Liqasını çox bəyənmişdim. Yenidən bura qayıdacağıma inanırdım. Elə oldu ki, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov zəng vurdu. Məni yadından çıxarmadığı üçün ona təşəkkürümü bildirdim və təklifi qəbul etdim. “Şamaxı” birillik fasilədən sonra Premyer Liqaya qayıtdı. Komandanın daha uğurlu çıxışına töhfə vermək üçün əlimdən gələni edəcəyəm”.

Kantariya sabiq komandası “Kəpəz”lə matçların onun üçün çətin keçəcəyini etiraf edib: “Açığı, bu yay Azərbaycandan yalnız “Şamaxı” mənimlə maraqlandı. Başqa klublardan konkret təklifim yox idi. İndi sabiq komandam “Kəpəz”ə rəqib olacağam. Onlarla oyunları səbirsizliklə gözləyirəm. Çünki “Kəpəz”i və gəncəliləri sevirəm. Gəncəli azarkeşlər komandanı çox yaxşı dəstəkləyirlər. Klubla və şəhərlə bağlı xoş xatirələrim var. Ancaq bundan sonra yalnız “Şamaxı”nın uğurları üçün çalışacağam. Futbolda peşəkarlıq bunu tələb edir”.

Qeyd edək ki, Georgi Kantariya “Şamaxı” ilə 1 illik müqavilə bağlayıb. 27 yaşlı oyunçu 2022-2023 mövsümündə “Kəpəz”in formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp