“Yerli futbolçular olaraq hər zaman həm öz aramızda, həm də legionerlərlə rəqabət aparırıq. Legioner limiti ləğv olunsa da, biz yenə mübarizəni davam etdirəcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Elvin Camalov deyib.
Futbolçu “Şamaxı” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib və qarşıdakı oyunlar barədə danışıb: “Şamaxı” ilə oyunda hər iki tərəf istəkli idi. Sadəcə, daha çox istəyən qalib gələcəkdi və biz qazandıq. Çoxdan qələbə qazana bilmirdik, turnir cədvəlinin aşağı yerlərindəyik. Bu 3 xal bizə motivasiya baxımından əlavə stimul verdi. Düşünürəm ki, Azərbaycan kubokunda bizi çətin oyunlar gözləyir. Bütün rəqiblər ciddi hazırlaşır. Amma kim daha çox istəkli olub, döyüşkən futbol sərgiləyəcəksə, o, uğur qazanacaq. Əlimizdən gələni edəcəyik ki, kubok oyunlarında azarkeşlərimizi sevindirək”.
Camalov “Sabah”dan “Neftçi”yə keçidi barədə də fikirlərini bölüşüb: “Neftçi”yə yeni qoşulmuşam. Ümid edirəm ki, buradakı problemlər tezliklə həll olunacaq. Bu məsələlər haqqında danışmaq mənə düşməz. “Neftçi” kimi böyük azarkeş kütləsinə malik komanda daha yaxşı yerdə olmalı və daha üstün futbol oynamalıdır. “Sabah”da kapitan olduğum dönəmdə də komandanın əzmkar oyun sərgiləməsi üçün çalışırdım. Bütün komanda olaraq yaxşı mübarizə aparacağımıza inanıram. Oradan ayrılmağıma gəlincə, baş məşqçi Vasili Berezutskinin gəlişindən sonra az şans qazanmağa başladım. Uzun illər komandada kapitan olmuşdum, amma bir məşqçi məni planlarına daxil etmirsə və mən də milli komandanın üzvüyəmsə, o halda başqa komandaya keçib daha faydalı olmağı düzgün saydım”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsində fevralın 5-də səfərdə “Kəpəz”in qonağı olacaq.
GÜNAY SÜLEYMANOVA






