“Əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Qarşıda oyunlar var, sona qədər vuruşacağıq ki, məqsədimizə çataq”. Bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
34 yaşlı müdafiəçi Misli Premyer Liqasının XXVIII turunda “Turan Tovuz”la oyuna hazırlıqlardan danışıb: “Rəqib yaxşı komandadır. Bu oyuna ciddi hazırlaşacağıq. Ötən oyunda “Neftçi”yə məğlub olduq. Çətin oyun keçdi. İlk hissədə elə də yaxşı çıxış etmədik, ikinci hissədə nisbətən daha yaxşı oynadıq, ancaq təəssüf ki, hesabı bərabərləşdirə bilmədik. Bizə vacib qələbə lazımdır. Əlimizdən gələni edəcəyik ki, istəyimizə nail olaq”.
Futbolçu qış fasiləsindən sonra Andrey Demçenkonun sisteminə uyğunlaşmaqda çətinlik çəkdiklərini bildirib: “Məsələ ondadır ki, bu yeni sistemdir və uyğunlaşmaq vaxt tələb edirdi. Nisbətən uyğunlaşmışıq, ancaq oyun tərzimiz bir qədər risklidir. Çünki hər oyunda bir nömrə oynayırıq. Artıq uyğunlaşdığımızı demək olar, amma tam adaptasiya üçün zaman lazımdır”.
O, klubla yayda bitəcək müqaviləsini uzadıb-uzatmayacağı ilə bağlı suala belə reaksiya verib: “Bu haqda nəsə danışmaq istəmirəm. Qarşıda vacib oyunlarımız var, hər şey ola bilər”.
Həsənalızadə Premyer Liqada və Azərbaycan Kubokunda favoritini də açıqlayıb: “İndidən nəsə demək tezdir, amma çempionatda xal baxımından “Sabah”ın daha şanslı olduğunu demək olar. Kubokda isə şanslar bütün komandalar üçün bərabərdir, layiq olan qazansın”.
Qeyd edək ki, lider “Sabah”dan 17 xal geri qalan “Araz-Naxçıvan” 39 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır.





