“Bu turda demək olar ki, bütün qarşılaşmalar həlledici rol oynayır. Hər bir komanda qarşısına qoyulan məqsədlər üçün mübarizə aparacaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında təcrübəli məşqçi Əfqan Talıbov deyib.
Tanınan mütəxəssisin fikrincə, “Qarabağ”ın diqqətinin Çempionlar Liqasına yönəldiyi məqamda “Sabah” bu fürsətdən maksimum yararlanıb. O, həmçinin taktiki seçim sərbəstliyinin bəzi klublara üstünlük qazandırdığını qeyd edib: “Turnir cədvəlinə başçılıq edən ”Sabah” artıq oturuşmuş heyətə malikdir və oyunlarda xal itirmək niyyətində deyil. ”Qarabağ” isə illərdir Avropa arenalarında mübarizə apararkən daxili çempionatda ikinci heyətlə belə xal itirmirdi. Lakin limitin götürülməsi rəqiblərin güclənməsinə və rəqabətin artmasına səbəb olub. “Sabah” isə “Qarabağ”ın diqqətinin Çempionlar Liqasına qarışdığı məqamdan səmərəli istifadə edə bilib”.
Talıbov mövsümün gedişini incələrkən ilk 3 pillənin sahiblərinin artıq bəlli olduğunu söyləyib. Limitin ləğvindən sonra oyunçuların taktikaya uyğun seçilməsinin “Sabah” və “Turan Tovuz”a üstünlük qazandırdığını vurğulayan mütəxəssis Qərb təmsilçisinin iddialı olduğunu əlavə edib: ”Turan Tovuz” hələ də kubokda şansını saxlayır. Çempionatda isə komandanın 3-cü yeri heç bir rəqibə verməyəcəyini düşünürəm”.
GÜNAY SÜLEYMANOVA





