Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” növbəti mövsümün planlarını məhz buna uyğun quracaq.
Futbolinfo.az saytının məlumatına görə, paytaxt klubu UEFA Konfrans Liqasına vəsiqə qazana bilsə, rəhbərlik transfer büdcəsini artıracaq.
Həmçinin komandanın ulduz futbolçusu Vensan Abubakarın taleyi də məhz bundan asılı görünür. Komanda istəyinə çatsa, 34 yaşlı hücumçunun müqaviləsinin yenilənməsi maddəsi aktivləşdiriləcək. Çünki avrokuboklarda Abubakar kimi təcrübəli futbolçuya ehtiyac var.
“Ağ-qaralar” “Zirə” ilə rəqabətdən məğlub ayrılsa, yayda heyətində ciddi dəyişikliklərə gedəcək. Belədə Abubakarın yola salınması da istisna olmayacaq. Xüsusən də yüksək məbləğdə maaşı kamerunlu ilə bağlı qərarda tərəddüdə səbəb olur. İstənilən halda bununla bağlı yekun qərarı baş məşqçi Yuri Vernidub verəcək.
Qeyd edək ki, Vensan Abubakar bu mövsüm Misli Premyer Liqasında 16 oyunda 7 qol vurub.






